Azərbaycanın növbəti diplomatik uğuru: C5+1 formatı genişlənir
“Caspian Policy Center”in (Xəzər Siyasəti Mərkəzi) idarə heyətinin sədri, ABŞ-ın keçmiş diplomatı Riçard Hoqland Vaşinqtonda keçirilən “Əməkdaşlığın on ili: C5+1 formatını gələcəkdə nə gözləyir?” adlı beynəlxalq tədbirdə çıxışında Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında mövcud olan “C5+1” formatına daxil etməyi təklif edib.
Onun sözlərinə görə, son illər Azərbaycan regionun iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyində əsas həlqələrdən birinə çevrilib və bu, ölkənin “C5+1” formatında təmsil olunmasını zəruri hesab edir.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Azərbaycanın ikinci Qarabağ savaşındakı parlaq qələbəsindən sonra Vətən müharibəsindəki uğur bütün dünya ölkələrinin diqqətini cəlb edib: "Artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi bütün dünya tərəfindən qəbul olunub. Zatən bu, özünü açıq şəkildə göstərir. Düşünürəm ki, ortaya çıxan son hadisələr də təsadüfi deyil. Hər bir birlik istəyər ki, Azərbaycan həmin qurumda təmsil olunsun. Eləcə də “C5+1” yeni formatında Azərbaycanın təmsil olunmasını Amerika və digər ölkələrin istəməsi təsadüfi deyil. Xatırlayırsınızsa, bir neçə gün öncə Qazaxıstan prezidentinin Azərbaycana yönəlik bu formatla bağlı fikirləri oldu. Düşünürəm ki, Mərkəzi Asiyanın əsas ölkəsi sayılan Qazaxıstanın belə bir yanaşma sərgiləməsi artıq Azərbaycanın bu formata qoşulmasını daha da tezləşdirir. Fikrimcə, Azərbaycanda iqtisadi, nəqliyyat, eləcə də digər sahələr üzrə nəzərəçarpan inkişaf digər ölkələrin diqqətini çəkir və çəkməyə bilməz. Eləcə də bir sıra formatlarda Azərbaycanın təmsil olunması da təsadüfi deyil".

O bildirib ki, Azərbaycan istər hərbi olsun, istərsə də iqtisadi və siyasi sahələr üzrə kifayət qədər güclü ölkələrdən birinə çevrilməkdədir və artıq çevrilib: "Azərbaycanın məhz bu regionda yerləşməsi də burada mühüm rol oynayır. Azərbaycan dünyanın elə bir regionunda yerləşir ki, hər bir güc, hər bir dövlət bu regionda Azərbaycanla əməkdaşlığa can atır və Azərbaycanla əməkdaşlıqda olmaq istəyir. Ticarət və digər sahələr üzrə yaxın əməkdaşlığın qurulmasında maraqlı olduqları görünə bilər. İstənilən halda bunlar Azərbaycan adına çox müsbət gəlişmələrdir. “C5+1”in yaxın zamanlarda məhz Azərbaycan vasitəsilə genişlənəcəyinə də hesab edirəm ki, bu, Azərbaycan üçün çox önəmlidir. Azərbaycanın belə bir yeni formatda yer alması ölkə adına növbəti uğurlardan biri kimi qəbul oluna bilər. Diplomatik uğurlardan biri kimi qəbul oluna bilər. Bu, son illərdə xarici siyasətdə qazanılan uğurlara daha bir əlavə kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu cür uğurlarımız davamlı olacaq. Çünki Azərbaycan əldə etdiyi tarixi qələbə ilə dünyadakı yerini tamamilə dəyişib. Münasibətlər sistemində artıq bütün dövlətlər, o cümlədən ABŞ Azərbaycana hörmətlə yanaşır və hesablaşmağa məcbur olur. Çünki o da hesab edir ki, Azərbaycanla bir formatda olmaq, eləcə də Azərbaycanla yaxın əməkdaşlıq olmadan Cənubi Qafqazda və ümumiyyətlə, regionda təsir dairəsinin artırılması mümkün deyil".
Ülvi Zahidov
14:04 06.11.2025
Oxunuş sayı: 1641