“Azərbaycanın vasitəçiliyi ilə gedən ümumi müzakirələr pozitiv nəticələr verə bilər” - Ekspert

Daim sülhdən çıxış edən, regionda sülhün əsas təminatçılarından olan Azərbaycan, bu yolda qətiyyətlə addımlayır, münaqişələrin həlli yolunda addımlar atır. Son gedən proseslərdə Suriya və İsrail arasındakı gərgin münasibətləri tənzimləmək üçün hər iki dövlətlə diplomatik münasibətləri olan Azərbaycan vasitəçilik edir. Müzakirələr nə ilə nəticələnəcək? Tərəflərin hansı şərtləri olacaq?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın vasitəçiliyi ilə Suriya-İsrail arasındakı müzakirələr yeni başlayıb və ilk mərhələsi keçirilib. Bu səbəbdən böyük nəticələr gözləmək mümkün deyil. Çünki iki dövlət arasında kifayət qədər ciddi problemlər var. Həmin problemlərin sırasına Suriyanın ərazi bütövlüyü məsələsi də daxildir. Çünki rəsmi Dəməşq Əsəd rejiminin devrilməsindən sonra İsrailin nəzarətə aldığı ərazilərin dərhal boşaldılmasını tələb edir və bunun qarşılığı olaraq münasibətlərin normallaşmasında ilkin addımların atılmasını təklif edir. Lakin məsələ bununla yekunlaşmır. 1967-ci ildə İsrail və Suriya arasında olan müharibədə də İsrail Suriyanın bəzi ərazilərini nəzarətə alıb və həmin müddətdən də sözü gedən ərazilərə nəzarət edir. İndi rəsmi Dəməşq həmin ərazilərində boşaldılıb Suriyaya qaytarılmasını tələb edir. Bu problemlərin həlli İsrail-Suriya münasibətlərində tam normallaşma ilə nəticələnə bilər. Hələlik isə bu istiqamətdə yalnız müzakirələr başlayıb. Yəqin ki, müzakirələrin növbəti mərhələlərində daha aydın situasiyalar formalaşa bilər. Bu gün Azərbaycanın vasitəçiliyi ilə gedən ümumi müzakirələr pozitiv nəticələr verə bilər”.
Ayhan
13:08 15.07.2025
Oxunuş sayı: 608