HƏMAS rəsmisi: “Qəzzada təhlükəsizlik sistemi tamamilə çöküb”

HƏMAS-ın yüksək rütbəli təhlükəsizlik rəsmisi Qəzza zolağının böyük hissəsində nəzarətin itirildiyini etiraf edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın BBC kanalına danışan HƏMAS-ın təhlükəsizlik qüvvələrinin yarbay rütbəli rəsmisi Qəzza zolağı üzərində nəzarətin təxminən 80 faizini itirdiklərini və yaranan boşluğu silahlı qəbilələrin doldurduğunu bildirib.
İsrailin aylarla davam edən və HƏMAS-ın siyasi, hərbi və təhlükəsizlik rəhbərliyini hədəfə alan hücumlarının nəticəsində qrupun komanda və idarəetmə strukturunun çökməsi qeyd edilib.
Rəsminin sözlərinə görə, 2023-cü il oktyabrın 7-də baş vermiş hücumdan sonra başlayan müharibənin ilk həftəsində yaralanaraq vəzifəsini tərk edib. O, BBC-yə anonim şəkildə bir neçə səsli mesaj göndərib.
Mesajlarda HƏMAS-ın daxilində parçalanma prosesindən və müharibədən əvvəl nəzarət etdiyi Qəzzada təhlükəsizliyin tamamilə çökməsindən bəhs olunur:
“Reallıq budur: təhlükəsizlik sistemindən demək olar ki, heç nə qalmayıb. Liderliyin 95 faizi artıq yoxdur… Aktiv fiqurların hamısı öldürülüb”, – deyə o bildirib.
HƏMAS rəsmisi İsrailin hərbi üstünlüyünə, beynəlxalq və ərəb dünyasının səssizliyinə diqqət çəkərək müharibənin İsrail tərəfindən davam etdiriləcəyini ehtimal edir:
“Məntiqə görə, bu müharibə sonuna qədər davam etməlidir. Cinayətkar dəstələr hər yerdədir, cəmiyyət dağılır”.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında İsrailin müdafiə naziri Həmasın artıq “müntəzəm ordu deyil, yalnız partizan müharibəsi aparan qruplaşma” olduğunu bildirmişdi.
HƏMAS, 2024-cü ilin əvvəlində 57 günlük atəşkəs dövründə siyasi, hərbi və təhlükəsizlik strukturlarını yenidən qurmağa cəhd etsə də, mart ayında İsrailin hücumları nəticəsində bu cəhdlər yarımçıq qalıb.
Rəsmidən sitat:
“Təhlükəsizlik tamamilə çöküb. Heç bir yerdə nəzarət yoxdur. Əhali Həmasın ən güclü təhlükəsizlik bazası olan Ənsar kompleksini talayıb. Hər şeyi – ofisləri, yataqları, hətta dam örtüklərini belə aparıblar. Heç kim müdaxilə etməyib – nə polis, nə də təhlükəsizlik qüvvələri”.
Mədinə Cəlilova
22:50 06.07.2025
Oxunuş sayı: 4793