İsrailli nazirdən etiraf: “Ordu uğursuz oldu”

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç təhlükəsizlik kabinetinin dünənki iclasında Baş Qərargah rəisi Eyel Zamiri tənqid edərək, “İsrail ordusu uğursuz oldu” etirafında bulunub.
Crossmedia.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Baş Qərargah rəisi Zamir siyasi rəhbərliklə növbəti dəfə üz-üzə gəlib və israilli rəsmilər arasında qarşılıqlı qışqırıqlar baş verib.
Maliyyə naziri Smotriç ordunun Qəzza zolağında humanitar yardım məsələsində “böyük uğursuzluq” yaşadığını bildirib. Zamir isə bu sözlərə, “Siz İsrail ordusunun əleyhinəsiniz”, – deyə cavab verib.
Smotriç Zamiri yalan detektoru testinə cəlb etməyi təklif edib. Gərginliyin artdığı anlarda Baş nazir Benyamin Netanyahu hər iki tərəfə “uyğunsuz danışırsınız, sakit olun” xəbərdarlığı edib.
Qəzzaya humanitar yardımın daxil olmasına qarşı çıxan Smotriç və digər ifrat sağçı nazir İtamar Ben-Qvirə cavab olaraq Xarici işlər naziri Gideon Saar “Qəzzaya humanitar yardım olmadan müharibə aparmaq mümkün deyil”,- deyə bildirib.
Nəqliyyat naziri Miri Regev isə Qəzza zolağında hərbi idarəetmə qurulmasını təklif edib. Toplantıda iştirak edən bəzi üzvlərin isə “könüllü köç” adı altında etnik təmizləməni müdafiə etdiyi qeyd olunub.
Mədinə Cəlilova
21:40 06.07.2025
Oxunuş sayı: 702