Mark Kuban: “Süni intellekt dünyanın ilk trilyonçusunu yaradacaq”

Amerikalı milyarder investor və sahibkar Mark Kuban süni intellektin insanlıq tarixində ilk trilyonçunu yarada biləcək potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, bu nailiyyəti əldə edən şəxs süni intellekti indiyədək kəşf edilməmiş bir formada istifadə edə bilən biri olacaq.
Crossmedia.az xəbər verie ki, “High Performance” adlı podkastda çıxış edən Kuban deyib: “Süni intellektin bacardıqlarının nə ən yaxşısını, nə də ən dəlinisini hələ görməmişik. Məncə o yalnız bir trilyonçu yaratmayacaq. Hətta bu adam bodrum mərtəbəsində çalışan biri də ola bilər. Bu qədər qeyri-adi və sərhədsizdir”.
Hazırda bir çox insan süni intellektdən proqramlaşdırma, tapşırıq siyahılarının hazırlanması və gündəlik işləri avtomatlaşdırmaq üçün istifadə edir. Digərləri isə bu texnologiyanı şəxsi münasibətlərdə və gündəlik həyatdakı problemlərlə başa çıxmaq üçün virtual bələdçi kimi görür.
İş dünyasında da süni intellektin rolu artır. Məsələn, “Chipotle”restoranlar şəbəkəsinin baş direktoru Skott Botvrayt süni intellekt alətlərinin şirkətin işə qəbul müddətini 75 faiz azaltdığını bildirib. Kuban isə bu nailiyyətlərin hələlik “isinmə mərhələsi” olduğunu deyir.
CNBC-yə danışan Kuban bildirib: “Terminatora çevriləcəyimizi demirəm. Bir anda insanlardan daha ağıllı robotların ortaya çıxacağını da düşünmürəm. Amma həyatımızı yaxşılaşdıracaq yollar tapacağımıza inanıram”.
Digər tərəfdən, süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqlar da artır. “Shopify” və “Fiverr”kimi texnologiya şirkətləri işçiləri süni intellekt bacarıqları əldə etməyə çağırır. Duolingo isə süni intellektlə yerinə yetirilə bilən vəzifələr üçün xaricdən işçi qəbulunu mərhələli şəkildə dayandıracağını açıqlayıb.
Bununla yanaşı, süni intellektin dələduzluq, kibertəhlükələr və yalan məlumatların yayılması üçün istifadə edildiyi hallar da getdikcə çoxalır.
Mədinə Cəlilova
05:30 07.07.2025
Oxunuş sayı: 827