Şimali Makedoniyada subaylardan vergi alınması planlaşdırılır

Şimali Makedoniya Baş naziri Xristiyan Mickoski ölkədə azalan doğum göstəricilərinə diqqət çəkərək, ailə institutunu və doğum səviyyəsini milli prioritetə çevirmək istədiklərini bildirib. O, evlənməyən şəxslərdən əlavə vergi tutulmasının nəzərdən keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, cümə günü keçirilən hökumət iclasında çıxış edən Mickoski, ölkədə əhalinin sürətlə azalması, doğum nisbətinin enməsi və gənclərin kütləvi şəkildə ölkəni tərk etməsinin artıq gözardı edilə bilməyəcəyini vurğulayıb. O, bu demoqrafik böhranla mübarizə üçün müzakirə edilən tədbirlər arasında subay və tənha yaşayan yetkin şəxslərə əlavə vergi tətbiqinin də olduğunu qeyd edib.
Baş nazirin sözlərinə görə, “subaylıq vergisi” ideyası ailə dəyərlərinin və doğum səviyyəsinin milli səviyyədə təşviqinə yönəlmiş genişmiqyaslı strategiyanın bir hissəsidir. “Həyatdan daha müqəddəs heç nə yoxdur. Eyni zamanda, ölkəmizin səssiz şəkildə boşalmasından daha kədərləndirici bir şey yoxdur”,– deyə Mickoski bildirib.
O, 1,8 milyon əhalisi olan Balkan ölkəsində 2024-cü ildə 16 min 61 uşağın doğulduğunu, lakin ölüm hallarının 20 min 201 olduğunu deyib. Son dörd ildə əhali 33 min nəfər azalıb ki, bu da Kavadar və ya Kırçova kimi şəhərlərin əhalisinə bərabərdir.
Mickoski əlavə edib ki, doğum göstəricilərinin sürətlə enməsi səbəbilə bir çox bölgədə ibtidai siniflərdə şagird çatışmazlığı yaşanır. O, həmçinin subayların və tənha yaşayanların sayının artdığını, evliliyin isə azaldığını vurğulayıb.
Mədinə Cəlilova
02:54 07.07.2025
Oxunuş sayı: 684