İraqdakı silahlı qruplar silahlarını təhvil verməkdən imtina ediblər

İraqda fəaliyyət göstərən bəzi silahlı qruplar silahlarını hökumətə təhvil verməyəcəklərini açıqlayıblar. Onlar bu qərarı “strateji və müzakirə oluna bilməyən bir seçim” adlandırıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Əl-Ərəbiyyə xəbər agentliyi silahlı qrupların bəyanat yayaraq “Asılılıq aradan qaldırılana qədər silahlarımız qalacaq” fikrini irəli sürdüklərini bildirib. Qruplar eyni zamanda bəyanatlarında İraqın şimalında fəaliyyət göstərən kürd peşmərgə qüvvələrini İsraillə əməkdaşlıqda ittiham ediblər.
Bu açıqlamalar, İraqın Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin keçən cümə günü etdiyi çıxışın fonunda yayımlanıb. Müqtəda əs-Sədr qarşıdan gələn parlament seçkilərini boykot edəcəyini təkrarlayıb. O, proksi silahlı qüvvələrin ləğv edilməsini, eləcə də ölkədə yalnız rəsmi ordu və polis qüvvələrinin silah sahibi olmasını tələb edib.
Qeyd edək ki, İraqda müxtəlif silahlı qrupların varlığı uzun illərdir təhlükəsizlik və siyasi sabitlik üçün ciddi problem olaraq qalır. Bu qrupların bir qismi hökumətə bağlı olmasa da, müxtəlif xarici dairələrdən dəstək aldıqları bildirilir.
10:39 06.07.2025
Oxunuş sayı: 842