Nobel mükafatlı fizik Andre Geim Niderlandiya vətəndaşlığından çıxarıldı

Nobel Fizika Mükafatı laureatı, fizik Andre Geim Niderlandiya vətəndaşlığını itirdiyini açıqlayıb. Geim 13 il əvvəl İngiltərədən “Sir” (şövalyə) unvanı ala bilmək üçün bu ölkənin vətəndaşlığını qəbul etmişdi. Lakin bu addımı, çüt vətəndaşlıq məsələsində sərt qaydaları ilə tanınan Niderlandiya tərəfindən vətəndaşlıqdan çıxarılmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzetinin xəbərinə görə, Geim uzun illər bu məsələ ilə bağlı heç bir problem yaşamasa da, yaxın zamanlarda Niderlandiyanın Londondakı səfirliyindən pasportunu təhvil verməsi istənilib. Əks halda Interpol vasitəsilə nəticələrlə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edilib.
E-poçt vasitəsilə verdiyi açıqlamada Geim bildirib:
“Mən özümü (bu ardıcıllıqla olmaqla) Niderlandiyalı–İngiltərəli bir Nobel mükafatı laureatı kimi görürəm. Niderlandiyadakı həyatım və orada çalışmağım qəlbimə çox yaxındır. Bu qərar həm çox kədərli, həm də qəribədir”.
1958-ci ildə Rusiyada alman əsilli ailədə doğulan Geim 1990-cı illərdə Niderlandiyanın Radboud Universitetində çalışdığı dövrdə bu ölkənin vətəndaşlığını almışdı. O, 2001-ci ildə Mançester Universitetinə keçərək İngiltərədə fəaliyyət göstərməyə başlamışdı.
Geim 2010-cu ildə həmkarı Konstantin Novoselov ilə birlikdə dünyanın ən nazik və dayanıqlı materialı olan qrafeni əldə etmək üzrə apardıqları təcrübələrə görə Nobel Fizika Mükafatına layiq görülmüşdü.
Geim daha sonra elmi fəaliyyətlərinə görə həm Niderland, həm də İngiltərə tərəfindən şövalyə unvanına layiq görülmüşdü. Lakin “Sir” titulunu daşımaq hüququ yalnız İngiltərə vətəndaşlarına verildiyi üçün o, bu ölkənin vətəndaşlığını qəbul etmişdi. Bununla belə, Niderlandiya qanunlarına əsasən, bir şəxs könüllü olaraq başqa ölkənin vətəndaşlığını qəbul edərsə, avtomatik olaraq Niderlandiya vətəndaşlığını itirir.
Mədinə Cəlilova
05:00 06.07.2025
Oxunuş sayı: 844