Aİ-dən müharibə riskinə qarşı hazırlıq: Kritik minerallar və təmir dəstləri stoklanacaq

İngiltərə mediasına sızan sənədlərə əsasən, Avropa İttifaqı (Aİ) fövqəladə hallarda istifadə olunmaq məqsədilə kritik minerallar və kabel təmir dəstlərindən ibarət strateji ehtiyatlar yaratmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “The Financial Times” qəzetinin əldə etdiyi Avropa Komissiyasının ehtiyat strategiyasına dair layihə sənədində qeyd olunur ki, Aİ artan geosiyasi gərginlik, iqlim dəyişikliyinin təsirləri, ətraf mühitin pozulması, hibrid və kibertəhdidlər daxil olmaqla, mürəkkəbləşən və pisləşən risk mənzərəsi ilə üz-üzədir.
Komissiya üzv ölkələrin qida, dərman və hətta nüvə yanacağı kimi strateji məhsullar üçün ehtiyat təminatı sahəsində əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Sənəddə nadir torpaq elementləri və daimi maqnitlərlə yanaşı, enerji və ya optik kabellərdə baş verə biləcək nasazlıqların tez bir zamanda aradan qaldırılması məqsədilə kabel təmir modullarının Aİ səviyyəsində ehtiyatının yaradılması işlərinin sürətləndiriləcəyi qeyd olunur.
Kritik mineralların enerji və müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıdığı bildirilib.
FT qəzetinin dəyərləndirməsinə görə, bu yeni strategiya Aİ-nin təhlükəsizliyini və davamlılığını artırmağa yönəlmiş daha geniş addımların bir hissəsidir.
Avropa Komissiyası hazırladığı sənəddə riskli mühitin artmasının arxasında haker-aktivistlər, kibercinayətkarlar və dövlət dəstəyi alan qrupların fəaliyyətinin dayandığını qeyd edib.
Qeyd edək ki, Aİ mart ayında da əhaliyə fövqəladə vəziyyətlər üçün ən azı 72 saatlıq əsas ehtiyac məhsullarını stoklamağı tövsiyə etmişdi.
Komissiya bu istiqamətdə üzv ölkələr arasında koordinasiyanı gücləndirmək üçün “ehtiyat şəbəkəsi” qurmağı planlaşdırır.
Sənəddə eyni zamanda qeyd olunub ki, sürətlə dəyişən risk mənzərəsi fonunda hansı əsas materialların kritik hesab olunması barədə ortaq anlayış hələ məhduddur.
Mədinə Cəlilova
02:00 06.07.2025
Oxunuş sayı: 7376