"Xankəndi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib" - Deputat

İyulun 3- Azərbaycanın ev sahibliyi ilə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü regionda sülh və əməkdaşlıq gündəliyinə mühüm töhfə verib. Görüşdə iştirak edən dövlət və hökumət başçıları Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər. Tərəflər qarşılıqlı etimadın artırılması və uzunmüddətli inkişafın təmin olunması baxımından bu platformanın əhəmiyyətini xüsusi vurğulayıblar. Zirvə görüşü regionun gələcəyi naminə birgə fəaliyyət üçün real imkanlar yaradıb.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın beynəlxalq platformalarda artan fəallığından və Xankəndinin işğaldan azad edilərək qısa müddətdə bərpa olunmasına toxunub: "Bu görüşün çox böyük əhəmiyyəti var. Azərbaycan bütün platformalarda, xüsusilə beynəlxalq platformalarda çalışır ki, fəal iştirak etsin və bu istiqamətdə ciddi addımlar atır. Hazırda Azərbaycanın həm bölgədə, həm də dünyada nüfuzu getdikcə artır. Bildiyiniz kimi, Xankəndi uzun müddət işğal altında olub. Lakin qısa müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən ölkəmizə qaytarılıb, bərpa edilib. Bu gün Xankəndi həm bölgənin, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib".
C.Məmmədov İƏT-in Xankəndidə keçirilən yüksək səviyyəli tədbirindən və bu tədbirin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirib: "İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın fəal üzv olduğu beynəlxalq qurumlardan biridir. Bu təşkilatın tədbirinin məhz Azərbaycanda, Xankəndində keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Burada bir neçə ölkənin rəhbərləri iştirak edib. Tədbirdə Türkiyə Prezidenti, İran Prezidenti, Pakistanın Baş naziri, eləcə də Özbəkistan və Qırğızıstan nümayəndələri təmsil olunublar. Bu iştirak Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin nə qədər güclü olduğunun göstəricisidir. Eyni zamanda, ölkəmizin son illər əldə etdiyi uğurların da bariz nümunəsidir".
O, qeyd edib ki, Azərbaycanın regional və beynəlxalq aləmdə nüfuzu artır: "Azərbaycan qeyd etdiyim kimi bölgənin ən gözəl və sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Burada səsləndirilən bəyanatlar, aparılan dialoqlar bir daha sübut etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq nüfuzunu davamlı olaraq gücləndirir. Ölkəmizə olan diqqət və etimad getdikcə artır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan üzv olduğu hər bir beynəlxalq təşkilatın nüfuzunun və mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu həm ölkəmizin prinsipial mövqeyini, həm də qurumlar daxilində fəallığını göstərir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük nailiyyət və uğurların bariz göstəricisidir".
Fatimə Nəbiyeva
15:49 05.07.2025
Oxunuş sayı: 4466