Xəzərdən Orta Dəhlizə: Bakı–Daşkənd əlaqələri yeni mərhələdə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri təkcə iqtisadiyyat və ticarət üçün deyil, həm də nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib.
“Bu gün Özbəkistandan daşımaları həyata keçirən bir neçə dəhlizdən biri – ixrac-idxal ticarəti və yük daşımaları Azərbaycandan keçən Orta Dəhlizdir”, - nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən, bu ölkədən keçən konteyner və dəmir yolu daşımaları üzrə güzəştlər gələn ilin sonuna qədər uzadılıb: “Hazırda konteyner və dəmir yolu daşımaları üzrə 70 faizə qədər güzəştlər qüvvədədir və hörmətli prezidentin səfərləri nəticəsində bu güzəştlərin müddətini 2026-cı ilə qədər uzatmağa nail olduq”.
Mahkamov həmçinin bildirib ki, yüklərin gecikməsinin qarşısını almaq məqsədilə Özbəkistan Xəzər dənizində öz bərələrini istifadəyə verməyə hazırlaşır:
“Biz həmçinin Xəzər dənizində yükdaşımaların artmasını nəzərə alaraq, Özbəkistan şirkətlərinin bərə operatorluğu ilə bağlı danışıqlar və işlər aparırıq. Hazırda Xəzər dənizində bərə reysləri üzrə 30–40 günə qədər gözləmələr və yük gecikmələri baş verir. Buna görə də, Özbəkistan şirkətləri Türkiyə şirkətləri ilə birlikdə Xəzər dənizində bərə operatorluğu həyata keçirmək qərarına gəliblər”.
O əlavə edib ki, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin reallaşdırılması Özbəkistanla Azərbaycan arasında əlavə tranzit həcminin təmin olunmasına imkan verəcək: “Biz artıq infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı razılıq əldə etmişik – bu məsələyə hazırıq”.
21:30 04.07.2025
Oxunuş sayı: 737