Fransa polisi miqirantların şişmə qayıqlarını bıçaqladı: Yeni taktika sınaqdan keçirilir

Fransada polis qüvvələri Manş boğazını keçməyə çalışan miqrantlara qarşı ilk dəfə olaraq dənizdəki şişmə qayığı bıçaqlayaraq deşmək üsuluna əl atıb. Bu addım, ölkədə hazırlanmaqda olan yeni dəniz təhlükəsizliyi qanun dəyişikliyinin tətbiqinə öncül nümunə kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, “The Times” qəzetinin yaydığı məlumata görə, polis əməkdaşları bu səhər saatlarında göçmənlərin minmək istədiyi qayıqları, onlar suyun içində olarkən bıçaqlayaraq istifadəyə yararsız hala salıblar. Hadisə zamanı xaotik görüntülərin yaşandığı bildirilir.
Fransız rəsmilərinə istinadən bildirilir ki, yeni qanun dəyişiklikləri, xüsusi ixtisaslaşdırılmış “Compagnie de Marche” polis birliyinə sıx sularda əməliyyat aparmaq, yəni miqirant keçidlərinin qarşısını fiziki olaraq almaq hüququ verəcək. Hazırda bu birliyin taktik təlimat kitabçasının son versiyası üzərində işlər tamamlanmaq üzrədir.
İngiltərənin daxili işlər naziri Yvette Cooper isə Radio 4 kanalında çıxış edərək, Fransa polisinin dənizdə müdaxiləsini “məmnuniyyətlə qarşıladıqlarını” deyib. O bildirib ki, bu, fərqli bir strategiyadır və daha genişmiqyaslı tədbirlərə ehtiyac var.
Fransa Prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retaillaunun bu yeni yanaşmanı gələn həftə keçiriləcək Fransa–Böyük Britaniya sammitində təqdim etməsi, daha sonra isə iyul ayı ərzində tətbiq etməsi gözlənilir.
“The Times” qəzetinin məlumatına görə, təkcə 2025-ci ilin indiki dövrünə qədər 20 min 600 miqirant kiçik qayıqlarla İngiltərəyə keçib. Bu, ölkə tarixində rekord göstərici sayılır və keçən illə müqayisədə 51% artım deməkdir.
Mədinə Cəlilova
21:20 04.07.2025
Oxunuş sayı: 867