Zeytun bağları kül oldu: Yunanıstanın istirahət cənnəti alovlara təslim oldu- FOTO



Yunanıstanın paytaxtı Afina və ölkənin ən böyük adası olan Kritdə meşə yanğınları davam edir. Krit adasında başlayan yanğınlar artıq ikinci gündür ki, genişlənməkdədir və zeytun bağlarına qədər yayılıb.
Bölgədə yaşayan sakinlər və turistlər təxliyə edilib. Adada fövqəladə vəziyyət (OHAL) elan olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Reuters” agentliyinə danışan rəsmi şəxslər, Yerapetra bölgəsində bir neçə yanğın ocağının olduğunu və yanğınsöndürənlərin müdaxilə etdiyini bildiriblər.
Çərşənbə günü, Yerapetradan təxminən 156 kilometr şərqdə yerləşən bir kənddə başlayan alovlar, adanın cənub-şərqindəki kənd təsərrüfatı ərazilərini məhv edib, heyvanları tələf edib, bir sıra evləri isə tamamilə yandırıb.
Ərazidən minə yaxın yerli sakin və təxminən 5 min turist təxliyə olunub.
Krit adası turizm baxımından Yunanıstanın əsas gəlir mənbələrindən biridir. Bu səbəbdən otel sahibləri yanğının gələcək rezervasiyalara təsiri ilə bağlı ciddi narahatlıq keçirirlər.
Bundan əlavə, Afina şəhərindən 30 kilometr məsafədə yerləşən Koropi qəsəbəsində də yanğın baş verib. Yunan Dövlət Televiziyası ERT-nin məlumatına görə, açıq ərazidə başlayan yanğın qısa zamanda yaşayış məntəqələrinə yaxınlaşıb.
Yunanıstanın Mülki Müdafiə Nazirliyi, bölgədə yaşayanlara mobil telefonlar vasitəsilə “təxliyə” barədə təcili xəbərdarlıq mesajı göndərib.
Yanğınsöndürmə qrupları həm havadan, həm də qurudan müdaxiləni davam etdirirlər. Lakin güclü küləklər söndürmə işlərini çətinləşdirir.
Mədinə Cəlilova
20:55 04.07.2025
Oxunuş sayı: 843