Almaniyada meşə yanğınları: İki yaralı var

Almaniyanın şərqində meşə yanğınları nəticəsində azı iki yanğınsöndürənin ağır yaralandığı, 100-dən çox yerli sakinin isə təxliyə edildiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yanğınlar çərşənbə axşamı Saksoniya və Brandenburq əyalətlərinin sərhədində yerləşən Gohrischheide adlı ərazidə başlayıb. Alovların qarşısını almaq üçün təxminən 500 yanğınsöndürən cəlb olunub. Yanğınsöndürmə əməliyyatı zamanı bir qadın və bir kişi yanğınsöndürən yanıq xəsarətləri alıb.
Alovlar yüzlərlə kvadrat kilometr əraziyə yayılıb və cümə axşamı gününə qədər hələ də tam nəzarət altına alınmayıb. Yanğınların bir hissəsinin yerləşdiyi ərazi keçmiş hərbi təlim sahəsidir. Burada partlayıcı maddələrin olması səbəbilə alovlara yaxınlaşmaq mümkün olmur. Mühimmatın partlama riski yanğınsöndürənlərin işini çətinləşdirir.
Almaniya xəbər agentliyi dpa-nın məlumatına görə, köz ocaqlarını müəyyənləşdirmək üçün xüsusi kameralarla təchiz olunmuş polis helikopterlərindən istifadə edilir.
Yanğın təhlükəsi səbəbindən Heidehauser, Neudorf və Lichtensee kəndlərinin bir hissəsi boşaldılıb. Sakinlərə yalnız şəxsiyyət vəsiqəsi, nağd pul və digər zəruri əşyaları götürərək dərhal ərazidən uzaqlaşmaları barədə mobil telefonlarla xəbərdarlıq göndərilib. Bildirişdə həmçinin qonşuların məlumatlandırılması və ağız-burun hissəsinin improvizə olunmuş maska (parça, geyim parçası, tibbi maska və s.) ilə qorunması tövsiyə olunub.
Yerli hakimiyyət orqanları avtomobillə səfər edən vətəndaşlara həmin ərazidən uzaq durmaları barədə çağırış ediblər.
Qeyd edək ki, Avropanı bürüyən Afrika antisiklonu səbəbindən bəzi ölkələrdə temperatur 46 dərəcəyə qədər yüksəlib. Bu ekstremal istilər qitə üzrə çoxsaylı meşə yanğınlarına səbəb olub.
Fatimə Nəbiyeva
19:48 03.07.2025
Oxunuş sayı: 591