“Bu Azərbaycanın siyasi qələbəsidir” - Deputat

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü regionun siyasi və iqtisadi gündəliyində mühüm hadisə kimi yadda qalır. Zirvə görüşü təşkilata üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, nəqliyyat, enerji və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün bu tədbir yalnız diplomatik prestij məsələsi deyil, həm də regiondakı lider mövqeyini möhkəmləndirmək, strateji tərəfdaşlıqları genişləndirmək və Orta Dəhliz kimi transmilli layihələrə dəstək qazanmaq üçün unikal fürsətdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açılama verib:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti tədbirinin Xankəndi şəhərində keçirilməsi Azərbaycanın siyasi nüfuzunun göstəricisi və böyük siyasi qələbəsidir. Digər tərəfdən isə İƏT həm əhalisinin sayına görə, həm də əhatə etdiyi coğrafiyaya görə böyük potensiala malikdir. Belə ki, İƏT-ə daxil olan 10 ölkənin əhalisinin ümumi sayı 600 milyondan çoxdur. Bu göstəricilərin özü bu təşkilatın mövcud gücünü göstərir. Azərbaycan eyni zamanda İƏT-ə daxil olan dövlətlərin hər biri ilə ayrılıqda da iqtisadi-siyasi əlaqələrini getdikcə daha da genişləndirir. Dövlətimiz milli maraqlar zəminində çox sayda beynəlxalq platformalarda iştirak edir ki, bu platformalardan biri də İƏT-dir. İƏT-in 17-ci zirvə görüşündə də turizm, energetika, logistika sahəsində mühüm layihələrin imzalanacağı gözlənilir”.
Ayhan
14:50 03.07.2025
Oxunuş sayı: 983