Rusiya XİN: “Bakıda saxlanılan rusiyalı jurnalistlərlə əlaqənin olmaması bizi narahat edir”

Rusiya Xarici İşlər Nazirliyi Bakıda rusiyalı jurnalistlərlə əlaqənin mümkün olmaması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlama verib.
“Artıq iki saatdan çoxdur ki, Bakıdakı rus diplomatları Rusiya vətəndaşı olan jurnalistlərlə əlaqə qura bilmir. Bu, bizi ciddi şəkildə narahat edir”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına jurnalistlərlə ünsiyyət qurmağa icazə verilməyib:
“Əldə olunan məlumata görə, hazırda onlarla əlaqə tamamilə mümkün deyil. Bunun səbəbləri barədə isə bizə heç bir rəsmi məlumat təqdim olunmayıb. Jurnalistlərimizin taleyindən narahatıq”.
Zaxarova əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub, lakin indiyədək rəsmi cavab verilməyib.
Xatırladaq ki, bir qədər əvvəl RT telekanalının baş redaktoru Marqarita Simonyan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşları ilə əlaqə saxlaya bilmədiyini bəyan etmişdi. Bu açıqlama hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan"ın ofisində keçirdiyi əməliyyatlardan sonra yayılıb.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Azərbaycan Xarici İşlər Nazirliyi "Sputnik Azərbaycan" agentliyinə ölkə ərazisində fəaliyyətini dayandırmaq barədə rəsmi xəbərdarlıq göndərmişdi. Buna baxmayaraq, agentlik fəaliyyətini davam etdirib.
Aybəniz Səfərova
21:57 30.06.2025
Oxunuş sayı: 3517