İranın hökumətyönlü qəzeti AEBA Baş direktorunun edamını tələb edib

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinə qarşı heç bir təhdid səsləndirməyib.
Crossmedia.az xəbər verir ki, iranlı diplomat BMT-də çıxışı zamanı AEBA Baş direktoru Rafael Qrossiyə qarşı yerli mətbuatda yayılan bəzi sərt ifadələrin Tehran hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. İrəvani Qrossinin həbsi və edamı ilə bağlı çağırışları qəti şəkildə pisləyib.
Onun sözlərinə görə, İran ərazisində fəaliyyət göstərən AEBA əməkdaşlarının təhlükəsizliyi tam şəkildə təmin olunur və onlar peşəkar fəaliyyətlərini şəffaf və maneəsiz şəkildə davam etdirirlər.
Xatırladaq ki, bir neçə gün öncə İranın hökumətyönlü “Keyhan” qəzeti Rafael Qrossinin həbsi və edamı ilə bağlı çağırış dərc etmişdi. Nəşr bu mövqeyini AEBA-nın İranın nüvə proqramına dair son tənqidi hesabatları ilə əsaslandırmışdı.
23:50 29.06.2025
Oxunuş sayı: 764