Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İrana girişi qadağan edildi

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossinin ölkəyə girişinə rəsmi şəkildə qadağa qoyub.
Crossmdia.az xəbər verir ki, Tehran Qrossini İsrail və ABŞ-nin hücumlarını qanuniləşdirməkdə, İran əleyhinə casusluq fəaliyyətində ittiham edir.
Məlumata görə, Qrossinin ölkəyə buraxılmaması ilə bağlı qərar İran parlamentinin iyunun 25-də qəbul etdiyi qanuna əsaslanır. Sənəddə qeyd olunur ki, MAQATE ilə bütün əməkdaşlıq dayandırılır, agentlik müfəttişlərinin ölkəyə daxil olması və nüvə fəaliyyətləri barədə hesabat hazırlanması qadağan edilir. Qanun 290 deputatdan 221-nin lehinə səslə qəbul edilib və ertəsi gün Keşikçilər Şurası tərəfindən təsdiqlənib.
Yeni qanuna görə, əməkdaşlıq yalnız iki şərt yerinə yetirildikdən sonra bərpa oluna bilər: İranın nüvə obyektləri və alimlərinin təhlükəsizliyinin beynəlxalq təminatı və uranın zənginləşdirilməsi hüququnun tanınması. Bu şərtlər yalnız İranın Atom Enerjisi Təşkilatının rəyindən və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqindən sonra qüvvəyə minəcək. Hökumət bu prosesi hər üç ayda bir hesabatla müşayiət etməlidir.
22:40 28.06.2025
Oxunuş sayı: 1005