“BƏƏ ilə tərəfdaşlıq yeni iş yerləri və iqtisadi imkanlar yaradır”

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi tərəfdaşlıq dinamik şəkildə inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Son illərdə enerji, investisiya və yüksək texnologiyalar sahələrində intensivləşən münasibətlər Xəzər regionundan başlayaraq Mərkəzi Asiya və Ərəb Körfəzi ölkələrini əhatə edən genişmiqyaslı iqtisadi platformanın formalaşmasına zəmin yaradır.
Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanmasıdır. Danışıqları artıq yekunlaşmış sənədin yaxın aylarda rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir. Saziş, ticarət dövriyyəsinin artırılmasına xidmət etməklə yanaşı, neft-qaz, bərpaolunan enerji, logistika, süni intellekt və maliyyə texnologiyaları sahələrində birgə layihələrin genişlənməsinə imkan yaradacaq.
Strateji əməkdaşlığın əyani nümunələrindən biri Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağıdır. Yaxın illərdə bu yataq üzrə illik hasilatın 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.
İkitərəfli tərəfdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Region ölkələrini əhatə edən iqtisadi təşəbbüslərə dəstək məqsədilə yaradılan və ümumi həcmi 1 milyard ABŞ dolları olan birgə investisiya fondu bu əməkdaşlığın miqyasını daha da genişləndirir. Bütün bu proseslər təkcə iqtisadi maraqlara deyil, həm də Azərbaycan və BƏƏ rəhbərləri arasında mövcud olan siyasi etimad və qarşılıqlı dostluq münasibətlərinə əsaslanır.
Mövzu ilə əlaqədar Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, professor, iqtisad elmləri doktoru Rüfət Quliyev bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və bu proses xüsusilə iqtisadi və maliyyə sahəsində daha da intensiv xarakter alıb.
“BƏƏ-nin Azərbaycan iqtisadiyyatına, o cümlədən “yaşıl energetika” istiqamətinə yatırdığı yüzmilyonlarla dollarlıq investisiyalar strateji əməkdaşlığın real göstəricisidir. Azərbaycanın yaşıl enerji kursunun həyata keçirilməsində Birləşmiş Ərəb Əmirlikləri və bu ölkənin qlobal miqyasda tanınan “Masdar” şirkəti ilə tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə keçidinə zəmin yaradıb. “Masdar” şirkətinin Azərbaycanda külək və günəş enerjisi üzrə iri investisiya layihələrində iştirakda maraqlı olması məmnunluq doğurur”, – deyə R.Quliyev bildirib.
Professor qeyd edib ki, “yaşıl” investisiya imkanları ətrafında aparılan fikir mübadiləsi qarşıdakı illərdə daha genişmiqyaslı əməkdaşlıq üçün yeni imkanlar açır:
“BƏƏ texnologiya və kapital baxımından güclü, zəngin bir dövlətdir. Bu ölkə ilə əməkdaşlığımızın sürətli inkişaf trayektoriyası Azərbaycanın maraqlarına tam cavab verir. Belə əməkdaşlıq həm yeni iş yerlərinin açılması, həm də ölkədə rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşması baxımından mühüm rol oynayır”.
R.Quliyevin sözlərinə görə, hökumət xarici iqtisadi siyasətin həyata keçirilməsinə xüsusi önəm verir, İqtisadiyyat Nazirliyi isə bu sahədə çevik və praqmatik yanaşma sərgiləyir.
“Azərbaycanın xarici iqtisadi siyasəti hazırda son dərəcə uğurlu və dinamik şəkildə icra olunur. Bu yanaşma həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlar səviyyəsində yüksək qiymətləndirilir”, – professor bildirib.
Aybəniz Səfərova
16:20 27.06.2025
Oxunuş sayı: 1300