ABŞ müdafiə naziri: “Fordoya böyük ziyan vurduq”

ABŞ Müdafiə naziri Pit Heqset Pentaqonda keçirdiyi mətbuat konfransında İrana qarşı son hərbi əməliyyat və mediaya sızdırılan kəşfiyyat məlumatları ilə bağlı sərt mövqe ortaya qoyub.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Nazir bildirib ki, ABŞ-nin İrandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi əməliyyatın nəticələri mediada təhrif olunub və qəsdən kiçildilib:
“Kəşfiyyat hesabatı əməliyyatın uğursuz olduğunu göstərmək üçün sızdırılıb. Media ilkin və təsdiqlənməmiş məlumatlara əsaslanaraq məsuliyyətsiz davranır və bu, prezident Trampın əleyhinə yönəlmiş kampaniyaya çevrilir”, – Heqset vurğulayıb.
Müdafiə naziri konkret olaraq CNN və “The New York Times” kimi media qurumlarını hədəf alaraq onları “faktları gizlətməkdə” və “Trampa qarşı qərəzli mövqe tutmaqda” ittiham edib.
“Anti-Tramp mətbuatı bu hücumu əhəmiyyətsizləşdirməyə çalışır. Suları bulandırmaq üçün yalan danışırlar. Biz artıq saxta və yalan xəbərlərə öyrəşmişik”, – deyə o əlavə edib.
Nazir əməliyyatın əhəmiyyətini vurğulayaraq, “Fordo obyektinə böyük ziyan vurduq. Bu, İrana qarşı həyata keçirilmiş cəsarətli və strateji əməliyyat idi”, – sözlərini səsləndirib.
Qeyd edək ki, son günlər ABŞ mediasında yayılan bəzi məlumatlarda, İran ərazisindəki hücumların effektivliyinin şübhə altına alındığı, Pentaqon daxilində isə bu məsələnin siyasi məqsədlərlə manipulyasiya edildiyi iddia olunurdu.
19:37 26.06.2025
Oxunuş sayı: 921