Azərbaycan-İran münasibətlərindəki gərginliyə görə kim məsuliyyət daşıyır? - Sabiq nazir açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib. Görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.
İsrail-İran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı C.Bayramovun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycan daim süni şəkildə yaradılan gərginlik aradan qalxmasında maraqlı olub. Bu gərginliyin arxasında isə İran tərəfdəki siyasi elitanın radikal qanadının dayandığı görünür. Təəssüf ki, onların siyasəti təkcə Azərbaycanla deyil, digər qonşularla da gərgin münasibətlərə səbəb olur. Bu isə daha çox rəsmi Tehranın xarici siyasəti ilə bağlı problemdir”.
Sabiq nazirin fikrincə, gərginliyə görə məsuliyyət daşıyanlar İrandakı radikal dairələrdir: “Buna baxmayaraq, Azərbaycan öz tərəfindən qonşuluq siyasətinin inkişafı istiqamətində həmişə siyasətini davam etdirib və etdirəcək. Bizim çağırışımız isə ondan ibarətdir ki, beynəlxalq hüquqa uyğun olaraq hərbi əməliyyatlar dayandırılsın və mövcud problemlər danışıqlar yolu ilə həll olunsun".
Fatimə Nəbiyeva
18:59 26.06.2025
Oxunuş sayı: 2965