İran-İsrail gərginliyi fonunda Azərbaycana qarşı saxta məlumatlar yayılıb

İsrailin “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə son İran-İsrail gərginliyi zamanı Azərbaycana qarşı yayılan saxta məlumatlar ifşa edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məqalədə bildirilir ki, müharibə başladıqdan dərhal sonra İranda təbliğat kampaniyası genişləndirilib. Bu kampaniya çərçivəsində İranın yalnız İsraillə deyil, guya ABŞ, Azərbaycan, Türkiyə və Qətərin də daxil olduğu daha geniş bir koalisiyayla mübarizə apardığı iddia olunub. Bu dəfə yayılan dezinformasiyalar daha incə formada təqdim edilib – rəsmi bəyanatlardan deyil, tanınmış şəxslərin açıqlamaları, xarici media orqanları və internetdəki şayiələr üzərindən yayılıb.
Misir parlamentinin keçmiş üzvü Samir Gattas, özünü Yaxın Şərq üzrə ekspert kimi təqdim edərək, ərəb xəbər agentliklərinə İsrail qırıcılarının Azərbaycandakı aviabazalardan istifadə edə biləcəyini iddia edib. Daha sonra İranın “Telegram” kanalları bu fikirləri tirajlayaraq bildiriblər ki, əgər Azərbaycan doğrudan da neytraldırsa, o zaman İran diplomatları və ya “Əl-Qüds” qüvvələrinin zabitləri bu bazaları yoxlamalıdır. Məqalədə qeyd olunur ki, bu iddiaların məqsədi aydındır – guya Bakının gizlətdiyi nələrsə var.
Bundan başqa, yayılan şayiələrdə İsrail kəşfiyyatının guya Azərbaycan vasitəsilə İranda yaşayan etnik azərbaycanlıları casusluğa cəlb etdiyi iddia olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev bu məlumatlara münasibət bildirərək, onları məqsədli dezinformasiya adlandırıb və təkzib edib.
Buna baxmayaraq, İranın dövlət mediası bu cür xəbərləri yaymaqda davam edib. Məqalədə vurğulanır ki, rəsmi mənbələr – o cümlədən İİR-in İrəvandakı səfiri belə – bu iddiaları təsdiqləməsə də, İran tərəfi yenə də Azərbaycandan İsrail dronlarının ölkə hava məkanına daxil olduğunu və Bakının Mossad ilə əməkdaşlıq etdiyini iddia edib.
Həmçinin, İranın rəsmi dairələrinə yaxın media, o cümlədən Ermənistandakı bəzi KİV-lər bu təbliğatı dərhal ingilis dilinə tərcümə edərək beynəlxalq auditoriyaya yaymağa cəhd göstəriblər. Məqsəd isə İranın versiyasını Qərb mediasına sırımaq olub.
Fatimə Məmmədova
16:55 26.06.2025
Oxunuş sayı: 1020