Ermənistan "gah arandan danışır, gah dağdan" - Sülhdə səmimidir?

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.
"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.
V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.
Sülh sazişi üçün rəsmi Bakının əsas iki əsas şərti var: Azərbaycan qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi. Bu şərtlər yerinə yetirilmədən sülh sazişinin imzalanması real deyil. Bunu Ermənistan da bilir. Və bildiyi halda "öz mahnısını oxuyur".
Ermənistanın qeyri - müəyyən siyasəti barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistan xarici işlər nazirinin müavinin sülh prossesinin dalana dirənməməsi haqqında bəyanatı müsbət görünə bilər:" Çünki Ermənistan rəsmiləri son zamanlar parlamentdə, Xarici İşlər Nazirliyində sülh sazişindən çox danışırlar. Ancaq əsas məsələ odur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını saxlayır. Yəni bir tərəfdən sülhdən danışıb, digər tərəfdən konstitusiyadan bizə qarşı ərazi iddiasını saxlamaq koqnitiv dissonans yaradır. Nə qədər çox sülh müqaviləsindən danışmaq yaxşı səslənsə də bir o qədər konstitusiyada belə bir müddəanın qalması qeyri -səmimi görünür. Gələcəkdə Ermənistanda Nikol Paşinyandan sonra hakimiyyətə gələnlər müqaviləni denonsasiya, Ermənistan konstitusiyasına zidd olduğunu əsas götürərək yenidən ölkəmizə qarşı müharibə başlaya bilər. Ona görə də biz sülh müqaviləsinin sərf Ermənistan dövləti ilə və konstitusiyanın müvafiq müddəasınım dəyişilməsindən sonra imzalanmasında biz bunu təklif edirik. Sülh müqaviləsini birinci təklif edən rəsmi Bakı da bu məntiqlə müqavilələni təklif edib ki, Ermənistan konstitusional şəkildə bu məsələdə artıq Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə öz konstitusiyasına əl gəzdirsin. Ona görə də İrəvan rəsmilərinin bu bəyanatlarının sadəcə olaraq müsbət bir imic yaratmaq imkanından əlavə bir şey hesab etmirəm. Ermənistanın əməl ilə sözü arasında uyğunluğun olub -olmamasını konstitusiyada dəyişiklik edib- etməməsinə dair müvafiq qərarə göstərəcək".
Fatimə Məmmədova
17:03 26.06.2025
Oxunuş sayı: 2849