Azərbaycan və İran Prezidentləri danışdı: Zəngəzur dəhlizi açılır? - Sabiq nazir açıqladı

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.
Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
İsraillə davam edən 12 günlük müharibə və həmin müddətdə Azərbaycanın balanslı siyasətindən sonra liderlərin telefon danışığı barədə Crossmedia.az-a danışan Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarav deyib ki, bu zəng onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdəki mövcud problemlər artıq aradan qalxıb: "Düşünürəm ki, tərəflər arasında nəqliyyat layihələri inkişaf edəcək. Zəngəzur dəhlizi ilə bağlı məsələ isə bir qədər fərqlidir. Fikrimcə, rəsmi Tehran açıq şəkildə olmasa belə, sona qədər bu məsələyə müqavimət göstərməyə çalışacaq. Çünki İran Araz dəhlizinin açılmasını və yüklərin öz ərazisindən keçməsini istəyir. Digər tərəfdən, Rəşt- Astara dəhlizi də gündəmdədir. O da çox ciddi layihədir və işlər davam edir".
Fatimə Məmmədova
16:30 26.06.2025
Oxunuş sayı: 1062