Pentaqonun İran hesabatı sızdı: “Tam məhv” planı uğursuz oldu

ABŞ-nin İranda nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra hazırlanan ilkin hesabat, hücumların planlaşdırıldığı kimi İranın nüvə proqramını tamamilə məhv edə bilmədiyini üzə çıxarıb. Bildirilir ki, İranın nüvə potensialı yalnız bir neçə ay gecikdirilib.
Crossmedia.az xəbər verir ki, məsələ ilə tanış olan ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində bəzi obyektlərin girişləri dağıdılsa da, yeraltı qurğular tam zərər görməyib. Hücumdan əvvəl ABŞ kəşfiyyatı İranın nüvə bomba istehsalına qərar verəcəyi təqdirdə bunu təxminən üç ay ərzində reallaşdıra biləcəyini ehtimal edirdi.
Hücumlar sonrası tərtib olunan yeni hesabatda qeyd olunur ki, İranın nüvə proqramı altı aydan az müddətə ləngidilib. Sənəddə santrifüjlər də daxil olmaqla əsas texniki infrastrukturun bir neçə ay ərzində yenidən fəaliyyətə keçirilə biləcəyi vurğulanır.
Hesabata əsasən, İran zərbələrdən əvvəl zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyətini başqa ərazilərə köçürüb və yalnız az hissəsi məhv edilib. Bəzi rəsmilər bu maddələrin bir qisminin gizli obyektlərə daşındığını ehtimal edir. İsrailli rəsmilər də İranın kiçik miqyaslı, məxfi zənginləşdirmə mərkəzlərini hücumlardan qoruduğunu bildirir.
Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektində orta və ağır səviyyədə dağıntı qeydə alınıb, ən ciddi zərərin Natanz obyektində olduğu bildirilir. Lakin İranın bu obyektləri bərpa edib-etməyəcəyi hələ məlum deyil.
Sabiq ABŞ rəsmiləri qeyd edir ki, İran sürətlə nüvə bomba istehsalına qərar verərsə, bu, çox güman ki, sadə və ilkin bir silah olacaq. Kiçik nüvə başlıqlarının hazırlanması isə texniki baxımdan daha çətindir və bu istiqamətdəki araşdırmalara nə dərəcədə zərər dəydiyi hələ bəlli deyil.
Hərbi ekspertlər, xüsusilə Fordo kimi 75 metrdən daha dərin dağaltı obyektlərin məhv edilməsi üçün günlərlə davam edən hava zərbələrinin lazım olduğunu bildirirdi. ABŞ-nin B-2 bombardmançı təyyarələri yalnız şənbə günü Fordoya azı iki dəfə hücum edib və 12 ədəd GBU-57 tipli “sığınacaq deşici” bomba atıb. Altı böyük kraterin yarandığı bildirilir. Lakin mütəxəssislər bu qədər qısa müddətli zərbələrin kifayət etmədiyi qənaətindədir.
ABŞ Prezidenti Donald Trampın “nüvə obyektləri məhv edildi” açıqlaması isə bu hesabatla ziddiyyət təşkil edir. Bu səbəbdən ABŞ Konqresinə planlaşdırılan brifinq təxirə salınıb.
ABŞ Müdafiə Naziri Pit Hegseth Trampın mövqeyini təkrarlayaraq, bombaların hədəfə dəqiq çatdığını və İranın nüvə silahı istehsal potensialının sıradan çıxarıldığını bildirib.
Rəsmilər beş səhifəlik sənədin yalnız ilkin qiymətləndirmə olduğunu, dəqiq nəticələrin müəyyənləşdirilməsi üçün vaxt lazım olduğunu bildirirlər. Müdafiə Kəşfiyyat Agentliyinin məlumatına görə, İran nüvə materiallarının böyük hissəsini hələ də əlində saxlayır və istəsə, hələ də bomba istehsal etmək imkanına sahibdir.
Tramp isə Truth Social platformasında paylaşım edərək, hesabatı yayımlayan CNN və The New York Timesı “yalan xəbər yaymaqda” ittiham edib. “CNN və uğursuz New York Times tarixdəki ən uğurlu hərbi əməliyyatlardan birini gözdən salmaq üçün birləşiblər”, – deyə Tramp bildirib.
Kəşfiyyat nümayəndələri İranın hələlik nüvə silahı istehsalına dair qərar vermədiyini, lakin belə bir qərar qəbul edilərsə, sürətlə hərəkət edə biləcəyini vurğulayıb. Hücumların Tehranı bu qərara yaxınlaşdırıb-yaxınlaşdırmadığı isə hələlik məlum deyil.
ABŞ Baş Qərargah rəisi general Den Keyn qeyd edib ki, əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna ciddi zərbə vurmaq idi. O əlavə edib ki, İranın proqramından nə qədər qaldığını müəyyənləşdirmək üçün yekun qiymətləndirmələr davam edir.
Mədinə Cəlilova
19:55 25.06.2025
Oxunuş sayı: 609