"Pandoranın qutusu açılıb": ABŞ və İsrail İrana yeni hücumlar edəcək

İsrail hökuməti bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatların bütün məqsədlərinə çatılıb və nüvə ilə bağlı təhlükə aradan qaldırılıb. Həmçinin qeyd olunub ki, ABŞ-nin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb. Ağ Ev rəhbəri Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəs qərarından öncə Tramp İsrail Baş naziri Binyamin Netanyahuyla telefon danışığında Tehranın artıq əhəmiyyətli dərəcədə zəiflədiyini əsas gətirərək əməliyyatların dayandırılmasını istəyib.
Bu fonunda isə ortaya suallar çıxır: İran, doğrudan da, hərbi cəhətdən zəifləyibmi, yoxsa bu sadəcə psixoloji təzyiq və siyasi manevrdir? İsrailin bu əməliyyatı regionda güc balansını necə dəyişə bilər?
Politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "İsrailin İranla qarşıdurmaya başlamasının əslində iki məqsədi var idi. Onlardan biri rəsmi şəkildə elan olunurdu: İranı uranı zənginləşdirməkdən və ballistik raketlər istehsal etməkdən məhrum etmək. Digər məqsəd isə qeyri-rəsmi idi — İranda rejim dəyişikliyinə nail olmaq. İndi İsrail və ABŞ bildirirlər ki, birinci məqsədə çatılıb, yəni İran artıq uranı zənginləşdirməyəcək. Ancaq ikinci məqsədə, rejim dəyişikliyinə, hələ nail olunmayıb — bunun üçün daha çox vaxta ehtiyac var".
Onun sözlərinə görə, birinci məqsədə çatdıqlarını iddia etmələri müəyyən şübhələr yaradır: "Çünki gələcəkdə İran həmin nüvə mərkəzlərini bərpa edib uranı yenidən zənginləşdirməyə başlaya bilər. Belə bir halda İsrail və ABŞ yenidən İrana zərbələr endirməyə məcbur qalacaqlar. Fakt budur ki, İsrail artıq “Pandora qutusunun qapağını açdı". Bundan sonra ABŞ və İsrailin İrana qarşı şübhələri olsa, böyük ehtimalla yeni hücumlar ediləcək. Rəsmi Tehranın isə ciddi iqtisadi resursları yoxdur. Yalnız neft satışından gəlir əldə edə bilir, o da sanksiyalar altındadır. Belə şəraitdə sosial problemlər arxa plana keçir və Uranın zənginləşdirilməsi ilə məşğul olacaq. Bu da əhalidə haqlı narazılığa səbəb ola bilər".
Fidan Qarayeva
14:08 24.06.2025
Oxunuş sayı: 1524