TƏHLÜKƏ ARTIR - İran müqavilədən çıxarsa, nüvə yarışına start verilə bilər

Rəsmi Tehranın nüvə proqramını davam etdirəcəyini açıqlaması, ABŞ və İsrailin son hava zərbələri fonunda bölgədəki gərginliyi daha da artırıb. Rəsmi Tehran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxma ehtimalını gündəmə gətirib və bu məsələ artıq beynəlxalq aləmdə ciddi müzakirə olunur.
Politoloq Əlimusa İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki,hələlik İranın bu barədə rəsmi qərarı olmasa da, davam edən təzyiqlər fonunda belə bir addım real görünür.
Əlimusa İbrahimov bildirib ki, müqavilədən çıxmaq İran üçün yeni bir mərhələnin başlanğıcı ola bilər: “İran bu günə qədər nüvə proqramının yalnız sülh məqsədli olduğunu bəyan edirdi. Hətta ali dini lider Ayətullah Xamenei nüvə silahına qarşı fətva vermişdi. Lakin müqavilədən çıxmaq bu yanaşmanı dəyişə və fətvanın ləğvi ilə nəticələnə bilər”.
Politoloq qeyd edib ki, bu addım regionda yeni təhlükəli tendensiyaların əsasını qoya bilər: “Əgər İran nüvə silahı istiqamətində addım atarsa, bu, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Türkiyə kimi ölkələrin də eyni istiqamətdə hərəkət etməsinə səbəb ola bilər. Beləliklə, bölgədə konvensional silahlanma yarışının yerini nüvə yarışması ala bilər”.
Əlimusa İbrahimov sonda bildirib ki, bu ssenari nə İranın, nə də regionun sabitliyi üçün yaxşı nəticələr vəd etmir.
Zəhra Ağayeva
14:30 23.06.2025
Oxunuş sayı: 1006