İslam ölkələri birləşir - Gündəm Qəzza və İran

Bu gün İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİN) “İƏT Dəyişən Dünyada” mövzusunda 51-ci sessiyası öz işinə başlayıb. Qlobal siyasi sabitliyin pozulduğu, regional münaqişələrin artdığı və İslam dünyasının qarşılaşdığı çağırışların daha da kəskinləşdiyi bir vaxtda keçirilən bu mühüm toplantı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Sessiya çərçivəsində Fələstin məsələsi, İslamofobiya ilə mübarizə, iqtisadi əməkdaşlığın gücləndirilməsi və üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi kimi mühüm istiqamətlərdə konkret qərarların qəbul ediləcəyi gözlənilir. Təşkilatın dəyişən dünyada öz rolunu yenidən müəyyənləşdirməsi və ümumi mövqeyin formalaşdırılması baxımından bu sessiya tarixi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a İƏT-in iclası və bu iclasın bu gün üçün mahiyyətindən danışıb:
“İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı İsrail-İran hərbi qarşıdurmasının davam etdiyi zaman kəsiyinə təsadüf etdiyi üçün də diqqət mərkəzindədir. “Dəyişən dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda keçirilən toplantı iştirakçı sayının çoxluğuna görə, daha öncəki toplantılardan fərqlənir. Diqqət çəkən digər məqam isə, İranın tələbiylə İƏT Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasının çağırılmasıdır. Çox güman ki, İran təkcə xüsusi iclasın deyil, bütövlükdə Şuranın 51-ci iclasının ritorikasının İsrailə qarşı sərt bəyanatlarla müşaiyət olunmasına çalışacaq. İƏT-in bütün təsisatlarında qərarların konsensus yolu ilə qəbul olunduğunu nəzərə alsaq, yekun bəyanatda diplomatik üslubun sərt ritorikanı üstələyəcəyi daha şox gözlənilir. Çox güman ki, diqqət daha çox Qəzza ilə bağlı vəziyyətə yönləndiriləcək”.
Deputat həmçinin qeyd edib:
“Məlum olduğu kimi İƏT-ə üzv olan ölkələrin əksəriyyəti ilə İran arasında ərazi mübahisələrindən başlamış, əsasən Tehranın təfriqəçi mövqeyindən qaynaqlanan çoxsaylı problemlər var. Məhz bu səbəbdən, yekun bəyannamədə ağırlığın daha çox ümumi məsələlər - islamafobiya və digər bu kimi amillərlə bağlı olacağı ehtimalı daha çoxdur. Bütövlükdə isə, sessiyanın sonunda “İstanbul Bəyannaməsi”nin qəbul ediləcəyi gözlənilir. Bəyanatda Fələstin məsələsi ilə əlaqədar, ənənəvi iki dövlətli həll prinsipinin yenidən vurğulanması, eləcə də Qəzza zolağındakı humanitar böhrana və müdaxiləyə son qoyulması, eləcə də bərpa və humanitar dəstək proqramlarının təşviqi ilə bağlı məqamların da yer alması ehtimalı var. Çox güman ki, İranla İsrail arasındakı gərginliyin regional təhlükəsizliyə təsirinə dair də qərar layihələri hazırlanacaq. “İstanbul Bəyannaməsi” çərçivəsində Fələstinə, Suriyaya humanitar dəstək və İƏT daxilində gələcək əməkdaşlıq üçün yeni mexanizmlərin irəli sürülməsi ehtimalı da çoxdur”.
Ayhan
18:33 21.06.2025
Oxunuş sayı: 701