Ankara İsrail - İran gərginliyi ilə bağlı hansı addımları atacaq? - Türkiyəli ekspert danışdı

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, İsrailin İrana hücumu ilə başlayan gərginlik regionda daha böyük bir xaosa səbəb ola bilər.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri mövcud vəziyyətlə bağlı olaraq daim ayıq-sayıq vəziyyətdədir: “Bütün lazımi addımlar atılır. Hər cür mənfi ssenariyə hazırıq və hazırlıqlarımızı davam etdiririk”.
Məlum olduğu kimi, tərəflər arasında hərbi gərginlik on günə yaxındır davam edir. Belə bir vaxtda əsas sual dünya dövlətlərinin prosesə necə reaksiya verməsidir. Bu baxımdan Türkiyənin hazırkı ritorikası xüsusilə diqqət çəkir. Sual yaranır: müharibə çox çəkərsə, Ankara necə davranacaq?
Bu barədə Crossmedia.az-a danışan Bilecik Şeyh Edebali universitetinin müəllimi, politoloq Deniz Altınsoy deyib ki, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik, xüsusən də İsrail və İran arasında qarşılıqlı təhdidlər və hərbi hərəkətlərlə daha da dərinləşib: "Bu kontekstdə Türkiyənin sözügedən böhrana qarşı mövqeyi xarici siyasət strategiyaları baxımından diqqətlə araşdırılması lazım olan bir mövzudur. Türkiyə regional sabitliyi, beynəlxalq diplomatiyanı və milli təhlükəsizlik maraqlarını tarazlaşdıran çoxşaxəli yanaşmadan istifadə edir. Türkiyə İsrail və İran arasında artan gərginlikdə regional sabitliyə üstünlük verən balanslaşdırılmış, vasitəçiliyə əsaslanan xarici siyasət yeridir. Bir tərəfdən İsrailin hərbi əməliyyatlarını sərt tənqid etməklə yanaşı, İranın legitim müdafiə hüququnu da vurğulayaraq, gərginliyin bütün regiona yayılmaması lazım olduğunu müdafiə edir. Türkiyə İsrailin hərbi addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və bu cür hərəkətlərin regionu qeyri-sabitliyə sürüklədiyini bildirir. Digər tərəfdən, İranın müdafiə refleksi nəticəsində inkişaf etdirdiyi cavabların “qanuni müdafiə” çərçivəsində qiymətləndirilməsi lazım olduğunu bildirir. Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Nazirliyinin həyata keçirdiyi çoxtərəfli diplomatik təşəbbüslər Türkiyənin gərginliyi azaltmaq üçün göstərdiyi səyləri əks etdirir. Türkiyə həm Qərb müttəfiqləri, həm də İslam ölkələri ilə koordinasiyalı şəkildə böhranın idarə olunmasına töhfə verməyi hədəfləyir".
O, bildirib ki, Türkiyə artan regional təhlükələr qarşısında müdafiə sənayesinə sərmayə qoyur və çəkindirici hərbi potensialını inkişaf etdirmək üçün addımlar atır: "Elektron müharibə sistemləri və orta və uzun mənzilli raket tədqiqatları bu strategiyanın mühüm elementləridir. İranla enerji sahəsində əməkdaşlıq və mümkün miqrasiya dalğası Türkiyənin böhrandan birbaşa təsirlənmə ehtimalını artırır. Ona görə də Türkiyə həm iqtisadi təhlükəsizliyini qorumağı, həm də humanitar öhdəliklərinə əməl etməyi hədəfləyir. Türkiyə həm İsrail, həm də İranla münasibətlərini çoxölçülü və praqmatik çərçivədə davam etdirir. İsraillə diplomatik böhranlar zaman -zaman iqtisadi sanksiyalarla dəstəklənib; İranla regional əməkdaşlıq və qarşılıqlı xəbərdarlıqlar çərçivəsində əlaqələr qurulub".
D.Altınsoyun sözlərinə görə, nəticə etibari ilə Ankara İsrail-İran böhranında çoxşaxəli, balanslı və strateji mövqe nümayiş etdirir: "Həm hərbi, həm də diplomatik vasitələrdən istifadə etməklə regional sülhə töhfə verməyə çalışır, eyni zamanda öz milli maraqlarını qorumaq üçün addımlar atır. Bu siyasət Türkiyənin regional aktor kimi geosiyasi çəkisini qorumaq məqsədinin bir hissəsidir".
Kənan Novruzov
12:05 21.06.2025
Oxunuş sayı: 1360