Sağlam cəmiyyətin keşikçiləri

Bu gün, 17 iyun hər zaman qayğımızı çəkən, gecə gündüz demədən sağlamlığımızın keşiyini çəkən tibb işçilərinin peşə bayramıdır.
Azərbaycan səhiyyəsi çox uzun və keşməkeşli yollardan keçib. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyü gündən xalqın sağlamlığını prioritet məsələlərdən biri kimi müəyyən etmişdi. Hələ 1918-ci il iyunun 17-də qəbul olunan qərarla Səhiyyə Nazirliyinin yaradılması bu sahəyə verilən önəmin parlaq təzahürü idi. Cərrah ixtisaslı Xudadat bəy Rəfibəylinin səhiyyə naziri təyin olunması ilə ölkəmizdə dövlət hesabına pulsuz xəstəxanalar açıldı, tibb müəssisələrinin və laboratoriyaların yaradılmasına başlanıldı, yoluxucu xəstəliklərlə mübarizədə ciddi addımlar atıldı.
Bu gün artıq bir əsrdən çoxdur ki, Azərbaycan səhiyyəsi inkişaf və təkmilləşmə yolundadır. Müstəqillik illərində aparılan islahatlar, tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunması, yüksək ixtisaslı kadr potensialının formalaşması və vətəndaşlara göstərilən xidmətin keyfiyyəti bu sahənin beynəlxalq standartlara cavab verən bir sistemə çevrilməsinə səbəb olub. Ölkəmizdə 700-dən çox yeni və ya əsaslı şəkildə yenidən qurulan tibb ocaqları bu prosesin əyani göstəricisidir.
Azərbaycan səhiyyə elmi Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova və İbrahim Topçubaşov kimi şəxsiyyətlərin timsalında dünya tibb elminə öz töhfələrini verib. Onların zəngin irsi bu gün də yeni nəslin yolunu işıqlandırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə 700-ə yaxın yeni və ya əsaslı şəkildə yenidən qurulmuş tibb ocaqları əhaliyə yüksək səviyyədə xidmət göstərir. Bu müəssisələrdə ən son texnologiyalar tətbiq olunur, Almaniya, İsveçrə kimi qabaqcıl ölkələrdən gətirilmiş tibbi avadanlıqlar istifadə edilir. Hazırda ölkədə 33 minədək həkim, 54 minə qədər tibb işçisi xalqın sağlamlığı keşiyində dayanaraq bu müqəddəs peşənin məsuliyyətini şərəflə daşıyır.
Səhiyyənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Fondun diabet və talassemiya xəstələrinə, ana və uşaqların sağlamlığına yönəlmiş genişmiqyaslı layihələri əhalinin rifahına mühüm töhfələr verir.
COVID-19 pandemiyası zamanı Azərbaycan səhiyyəsinin çevikliyi və dayanıqlılığı bir daha özünü göstərdi. Virusun diaqnostikası, müalicəsi, peyvəndləmə prosesinin təşkili və əhaliyə operativ xidmətin göstərilməsi dövlətin səhiyyəyə olan diqqət və qayğısının nəticəsi kimi dəyərləndirilir. Bu çətin dövrdə ölkəmiz 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərərək beynəlxalq həmrəyliyin nümunəsinə çevrildi.
Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tibb sahəsində çalışan hər bir fədakar insanı dərin ehtiramla təbrik edir, xalqımızın sağlamlığı naminə göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürümüzü bildiririk!
Ayhan Ağarzayev
16:00 17.06.2025
Oxunuş sayı: 754