Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi cənab Viktor Mahmudov ilə görüşüb.
Bu barədə Crossmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Müdafiə naziri qonağı salamlayıb və onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
17:53 13.06.2025
Oxunuş sayı: 906