Azər Badamov: Qarabağda yeni iş yerləri açılacaq
Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi növbəti mərhələdə iqtisadi fəallığın artırılması, özəl investisiyaların cəlbi və ixracyönümlü istehsalın genişləndirilməsinə yönəlir. Oktyabrın 14-də Bakıda keçirilən 6-cı “Rebuild Garabagh” sərgisində Prezident İlham Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramının ikinci mərhələsində bu istiqamətlərin əsas hədəflər olduğunu bildirib. Dövlət başçısı regionda tətbiq edilən müasir şəhərsalma və mühəndislik həllərinin beynəlxalq əhəmiyyətini vurğulayıb, 2026-cı ildə Bakıda keçirilən WUF13-ün Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatına töhfə verdiyini qeyd edib. “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin isə yeni texnologiyaların təqdimatı, işgüzar tərəfdaşlıqların qurulması və regionun uzunmüddətli inkişafı üçün imkanlar yaratdığını bildirib.
Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında bildirib ki, dövlətin əsas hədəfi keçmiş məcburi köçkünləri doğma yurdlarına qaytarmaqla yanaşı, onların işlə təmin olunmasına da şərait yaratmaqdır: “2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair birinci Dövlət Proqramı bu il uğurla icra olunaraq başa çatmaq üzrədir. Dövlət proqramı çərçivəsində 100 minə yaxın insan işğaldan azad olunmuş ərazilərə qayıdıb. Keçmiş məcburi köçkünlər 48 yaşayış məntəqəsində məskunlaşıb, orada yaşayır və işləyirlər. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət büdcəsindən 28 milyard manatdan çox vəsait ayrılıb. Məhz bu vəsait hesabına həmin ərazilərdə infrastruktur yenidən qurulub və bərpa edilib”.
Azər Badamov qeyd edib ki, sənaye parklarının yaradılması və yeni müəssisələrin fəaliyyətə başlaması qayıdan əhalinin məşğulluğuna töhfə verir: “İş yerlərinin yaradılması istiqamətində sənaye parklarının qurulması prosesi davam edir. Ağdam Sənaye Parkı yaradılıb və artıq burada rezidentlər qeydiyyatdan keçiblər. Bundan əlavə, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı istifadəyə verilib, burada da rezidentlər qeydiyyata alınıb və yeni müəssisələrin açılması gözlənilir. Hər bir sənaye parkında açılacaq yeni müəssisə doğma torpaqlarına qayıdan insanların məşğulluq məsələsinin həllinə öz töhfəsini verəcək”.
Deputat Xankəndi şəhərində iqtisadi və təhsil imkanlarının genişlənməsinin də əhəmiyyətini vurğulayıb: “Xankəndi şəhərində də fabrik və müəssisələrin açılması gözlənilir. Xankəndi tələbə şəhəri kimi özünü təsdiq edib və Qarabağ Universiteti fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbələrlə yanaşı, çalışan müəllimlər və digər işçilər də var. Bununla yanaşı, Qarabağ Universitetində hazırlanacaq mütəxəssislərin gələcəkdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi nəzərdə tutulur”.
Azər Badamovun sözlərinə görə, növbəti mərhələdə qəbul olunması gözlənilən ikinci Dövlət Proqramı çərçivəsində investisiyaların artırılması və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdən olacaq: “Gələn il Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının qəbul olunması gözlənilir. Bu proqram çərçivəsində yeni investisiyalar yatırılacaq, yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılması istiqamətində addımlar atılacaq. Dövlətin qarşısına qoyduğu hədəf həm keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq, həm də qayıdan insanlar üçün əvvəlcədən iş yerləri yaratmaq və məşğulluq məsələsini həll etməkdir”.
Deputat hesab edir ki, ikinci Dövlət Proqramı çərçivəsində də bərpa və məskunlaşma işləri davam etdirilərək daha çox yaşayış məntəqəsinin yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına nail olmaq mümkün olacaq”.
Nigar Xəlilli
19:30 14.10.2026
Oxunuş sayı: 55