Şimali Kipr rəsmisi: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və bütün Türk dünyası bölünməz birliyin ayrılmaz hissələridir. Bu baxımdan bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler bildirib.
Onun sözlərinə görə, Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə ölkə yüksək fəallıq nümayiş etdirib, Şimali Kipr türklərinə dəstək olub.
“Bu birlik, bu qardaşlıq davam edir və daha da möhkəmlənir. Əlaqələrimizin gücləndirilməsi olduqca vacibdir. Çünki biz ortaq tarixə, dinə və mənəvi dəyərlərə sahib, Orta Asiyadan Avropayadək uzanan bir coğrafiyada yaşayan, eyni əcdadın nəvələriyik”, – deyə o vurğulayıb.
Ziya Öztürkler Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya bütün beynəlxalq platformalarda göstərdikləri davamlı dəstəyə görə xüsusi təşəkkürünü ifadə edib.
“Çünki bütün səviyyələrdə Şimali Kipr türklərinə daim zəruri dəstək göstərilir. Siz bizim qardaşımızsınız və bunu xüsusilə vurğulamaq istəyirəm. Sizinlə burada bir yerdə olmaqdan böyük məmnunluq duyuruq”, – deyə o əlavə edib.
Parlament sədri onu da qeyd edib ki, nə Azərbaycanda, nə də Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və təhsil alan çoxsaylı azərbaycanlılar özlərini yad hesab etmirlər. Eyni sözləri Azərbaycanda yaşayan Şimali Kipr türkləri barədə də demək mümkündür.
“İstər Şimali Kipr türkləri ilə, istərsə də ölkəmizdə yaşayan və ya təhsil alan azərbaycanlı qardaşlarımızla apardığım söhbətlərdə hər kəsin özünü evində kimi hiss etdiyini görürəm”, – deyə Ziya Öztürklər sözlərini tamamlayıb.(azərtac)
21:33 12.06.2025
Oxunuş sayı: 1247