Üzeyir bəy Hacıbəyovun əlyazmaları

“Üzeyir Hacıbəyov
fövqəladə fitri istedadı, böyük fədakarlığı, müasir təhsili, elmi, vətənpərvərliyi,ictimai-siyasi
fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin
ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyətdir.”
Heydər Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin 3
fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə
ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq,
ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyovun
(1885-1948) 140 illik yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir. Bildirməliyik
ki, mətbuat,mədəniyyət-incəsənət, eyni zamanda ədəbiyyat sahəsində dahi bəstəkarın
ömür yolu, yaradıcılığı geniş aspektdə təhlil, tədqiq olunur.
Üzeyir Hacıbəyov çoxşaxəli
yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik
dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni
intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir
Hacıbəyov novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və
janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin
vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri
meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət
qazandırmışdır.
Böyük bəstəkar dahi Füzuli şerinin kövrək
misralarından yaranmış eyniadlı poeması əsasında
bəslədiyi “Leyli və Məcnun”u ilə Azərbaycan
opera sənətinin bünövrəsini qoymuşdur. Sonrakı illərdə isə dahi bəstəkar birbirinin ardınca “Şeyx Sənan”,
“Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi muğam operalarını
yazır. Üzeyir bəy Hacıbəyov bu əsərlərilə professional milli musiqinin əsasını
qoymaqla nəinki Azərbaycanda, hətta Şərq dünyasında opera janrını yaradır və bu
sənətin banisi kimi də əlçatmaz zirvəyə ucalır.
Ü.Hacıbəyov xalq musiqi təfəkkürünün ən dərin
qatlarına nüfuz edərək onun canlı və özünəməxsus xüsusiyyətlərini müasir dünya
musiqisinin, ilk növbədə Qərb musiqisinin nailiyyətləri ilə üzvü şəkildə birləşdirərək
bununla da yeni keyfiyyətli milli bədii sənəti təmsil edirdi. Onun hələ ilk
operaları bu cəhəti ilə xalq ruhuna, mənəviyyatına dərin bağlılıq xüsusiyyətləri
ilə fərqlənirdi.
Üzeyir bəy həmçinin Azərbaycanda musqiqili
komediya janrının da yaradıcısıdır. Bəstəkar dünya şöhrətli komediyalarının
librettosunu da məhz özü yazırdı.
Araşdırmalar zamanı AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda dahi bəstəkarın komediyalarının məhz özü tərəfindən
yazılmış əlyazmalarına rast gəlmişik.
Əlyazma kitabları tarix boyunca Şərq ölkələrini,
islam alimlərini, ümumilikdə bəşəriyyəti yaxınlaşdıran, qarşılıqlı əlaqələr
yaradan əvəzedilməz vasitələrdən biri, bəlkə də birincisidir. Əlyazma kitabları
elm və mədəniyyətin, tarix və ədəbiyyatın əvəzsiz qaynağıdır. Azərbaycan
elminin, ədəbiyyat örnəklərinin yüzilliklər boyunca qorunub saxlanılmasında
yeganə qaynaq əlyazma kitablarıdır. Məhz bu qaynaq sayəsində biz tariximizi,
incəsənətimizi, ədəbiyyatımızı daha mükəmməl şəkildə araşdırmaq imkanına nail
oluruq. Onları qorumaq bizim ən əsas vəzifələrimizdən biridir. Əlyazma
kitabları Azərbaycan xalqının mənəvi sərvətlərinin nəsildən-nəsilə keçərək
günümüzə gəlib çatmasında əvəzedilməz, bənzərsiz bir fenomen sayıla bilər.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 40 mindən artıq material
vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış
və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi
sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin
qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Qeyd
etdiyimiz kimi Əlyazmalar İnstitutunda böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da
öz dəsti-xətti ilə yazdığı əsərlərinin əlyazmaları qorunub saxlanılmaqdadır. Həmin əlyazmalar
haqqında qısa məlumatı nəzərinizə çatdırmaq istəyərdim.
1.
“Arşın mal alan”-Şifrəsi B-920\2543 olan əlyazma
təhriri xətti ilə qara mürəkkəblə h.1332\m.1913-cü ildə yazılmışdır. Cildi üzərinə kağız yapışdırılmış qara müşəmbədir.
Həcmi 49 vərəqdir.
2.
“Əsli və Kərəm” - Şifrəsi B-943\2566 olan əlyazma
təhriri xətti ilə qara mürəkkəblə h.1331\m.1912-ci ildə yazılmışdır. Cildi xaki rəngli dermantindir. Həcmi 34 vərəqdir.
3.
“O olmasın bu olsun”- Şifrəsi
B-6565\I/2543 olan əlyazma təhriri xətti ilə qara mürəkkəblə h.1329\m.1911-ci
ildə yazılmışdır. Cildi qara müşəmbədir.
Əlyazmanın ümumi həcmi 47 vərəqdir. Əsər əlyazmanın 1a-33a səhifəsini əhatə
edir.
4.
“Rüstəm və Söhrab”- Şifrəsi
B-891\2514 olan əlyazma təhriri xətti ilə qara mürəkkəblə
h.1334\m.1915-ci ildə yazılmışdır. Cildi üzərinə kağız yapışdırılmış qara müşəmbədir.
Həcmi 14 vərəqdir
5.
“Rüstəm və Söhrab”- Şifrəsi
B-6565\II/8190 olan əlyazma təhriri xətti ilə qara mürəkkəblə
yazılmışdır. Cildi qara müşəmbədir.
Əyazmanın ümumi həcmi 47 vərəqdir. Əsər əlyazmanın 34a-45a səhifələrini əhatə edir.
Bununla
yanaşı İnstitutumuzda Ü.Hacıbəyov əsərlərinin yer aldığı əski əlifbada nəşr
olunmuş çap kitabları da mühafizə olunmaqdadır:
“Əsli və Kərəm”-Şifrəsi
X-404/16280, nəşr tarixi h.1333\m1914,57 s.
“Arşın mal
alan”- Şifrəsi XVI-308\6089, nəşr tarixi h.1333\m.1914, 72s.
“Arşın mal alan”- Şifrəsi XVI-274\16967, nəşr
tarixi h.1335\m.1917, 53 s.
Bildirməliyik ki, Üzeyir
Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi
arxiv materialları dahi bəstəkarın həyat və fəaliyyətinin, bədii və ictimai
yaradıcılığının daha hərtərəfli öyrənilməsi üçün tədqiqatçılara zəngin
material verir. Üzeyir bəyin
Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivinin təsviri ayrıca bir kitab
halında 2018-ci ildə "Elm" nəşriyyatında çap edilmişdir. Arxiv
materialları təsvir edənlər filologiya üzrə fəlsəfə doktoru Elmira Əlibəyli və
elmi işçi Aytən İmanovadır. Aytən İmanova həm də kitabı nəşrə hazırlamışdır.
Elmi redaktor filologiya elmləri doktoru Paşa Kərimovdur. Əminik ki, dahi bəstəkarın
şəxsi arxivinə daxil olan materialların, eyni zamanda əsərlərinin əlyazmalarının
köməyi ilə onun həyat və yaradıcılıq
yolunun araşdırılmasına həsr edilmiş yeni dəyərli tədqiqat əsərləri meydana çıxacaqdır.
Üzeyir bəyin əlyazmalarından nümunələr:
“Rüstəm və Söhrab”
“Əsli və Kərəm”
“O olmasın, bu olsun”
“Arşın
mal alan”
Tünzalə Əlizadəqızı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
09:27 12.06.2025
Oxunuş sayı: 4431