"Bu mənzərədə İranın geri addım atma ehtimalı daha çoxdur" - Ekspert

İranın rəsmisi Əli Rza Bəqai bildirib ki, Tehranın yaxın günlərdə Birləşmiş Ştatlara nüvə proqramı ilə bağlı yeni təkliflər təqdim edəcəyi gözlənilir. Bu açıqlama beynəlxalq ictimaiyyətdə növbəti diplomatik mərhələnin anonsu kimi qiymətləndirilir. Bəs görəsən, bu təkliflər real nəticələrə yol açacaqmı? Tərəflərdən hansı daha çox güzəştə getməyə məcbur qalacaq və gərginlik azalmaya doğru gedəcəkmi? Bu suallar regionun və dünyanın diqqət mərkəzində olacaq əsas mövzularından biri kimi gündəmə gəlir.
Mövzu ilə bağlı AMEA-nın elmi işçisi Vüsalə Gülmalıyeva Crossmedia.az-a açıqlama verib:
"İranın ABŞ-yə nüvə proqramı ilə bağlı təkliflər təqdim edəcəyi haqda Bəqainin verdiyi bəyanat, ilk baxışda diplomatik prosesin yenidən canlana biləcəyinə ümid yaratsa da, nəticənin olub-olmayacağı bir neçə əsas faktordan asılıdır. Təkliflərin konkret, yoxlanıla bilən və beynəlxalq ictimaiyyətin etimadını qazanacaq şəkildə hazırlanması vacibdir. Əgər İran nüvə proqramını məhdudlaşdırmağa, zənginləşdirmə səviyyəsini azaltmağa və monitorinq mexanizmlərini qəbul etməyə razı olsa, bu, ABŞ və digər Qərb ölkələri üçün müsbət siqnal ola bilər. Lakin indiki geosiyasi konfiqurasiya və regiondakı gərginliklər fonunda istənilən razılaşmanın əldə olunması üçün qarşılıqlı güzəştlər qaçılmaz görünür".
V.Gülmalıyeva həmçinin bildirib:
"ABŞ tərəfi isə sanksiyaların yumşaldılması və ya mərhələli şəkildə ləğvi məsələsində müəyyən dərəcədə uyğun mövqe sərgiləsə, prosesin irəliləməsi mümkündür. Ancaq ABŞ daxilində və müttəfiqləri, xüsusilə İsrail və Körfəz ölkələrinin təzyiqləri nəzərə alındıqda, Vaşinqtonun hər hansı razılaşmaya tərəddüdlə yanaşması ehtimalı qalır. ABŞ-da artıq bir ildir fəaliyyət göstərən hazırkı administrasiyanın mövqeyi də bu məsələdə mühüm rol oynayır və əvvəlki dövrlərlə müqayisədə daha sərt yanaşma müşahidə olunur. Bu mənzərədə geri addım atmaq ehtimalı daha çox İranda görünür. Çünki sanksiyaların davam etməsi İran iqtisadiyyatını ağırlaşdırır, sosial narazılıqlar artır və beynəlxalq aləmdə təcrid dərinləşir. İranın əsas iqtisadi tərəfdaşları olan Çin və Rusiya da bu təcrid vəziyyətində Tehrandan daha praqmatik davranmağı tələb edə bilərlər. ABŞ isə yalnız o halda geri çəkilə bilər ki, regionda eyni anda bir neçə münaqişə alovlansın və bu, onun strateji maraqlarına təhlükə törətsin. Bundan əlavə, enerji bazarında İran neftinin yenidən dövriyyəyə daxil olması ABŞ və Avropa üçün cəlbedici ola bilər.
Yekun olaraq, təkliflərin təqdim olunması müsbət addımdır, amma nəticə verməsi üçün real güzəştlər və qarşılıqlı kompromislər lazımdır. Bu kompromis prosesində daha çox geri addım atmaq məcburiyyətində qalacaq tərəfin İran olacağı ehtimalı yüksəkdir, çünki onun manevr imkanları və iqtisadi dayanıqlığı ABŞ-la müqayisədə daha zəifdir".
Ayhan Ağarzayev
18:06 09.06.2025
Oxunuş sayı: 996