“Trampın Maskdan tamamilə imtina etməsi real görünmür” - Politoloq

Ağ Ev ABŞ prezidenti Donald Tramp və iş adamı İlon Mask arasında yaşanan münaqişə fonunda yüksək vəzifəli şəxslərdən, o cümlədən Tramp və Maskın bəzi yaxın həmkarlarından tərəf seçməyi tələb etməyə başlayıb. “Rolling Stone” jurnalının məlumatına görə, Ağ Ev əməkdaşları bu şəxslərə zəng edərək və mesajlar göndərərək onlardan mövqe bildirmələrini istəyib və bunun “həyatlarının ən asan seçimi” olacağını vurğulayıblar. Respublikaçılar Partiyasının əsas donorlarına və mühafizəkar fiqurlara da eyni məzmunlu məlumatlar göndərilib. Tramp administrasiyasındakı bir mənbə bildirib ki, hazırda Mask yaxın dostlarını itirir və əgər onları geri qaytarmaq istəyirsə, Donald Trampa əvvəlkindən qat-qat artıq sədaqət göstərməlidir. Bununla belə, Maskın prezidentin yaxın ətrafına qayıdacağına zəmanət verilmir.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Hüsametdin İnaç ortaya çıxan bu qarşıdurmanın səbəbinin, əslində ABŞ-də tanınan qlobalçıların bir təzahürü kimi qarşımıza çıxdığını vurğulayıb:
"Xüsusilə keçmişə baxdıqda, onun əvvəlki dövrlərdə Cozef Baydenə dəstək verdiyini, texnologiya şirkəti sahibi olaraq Tesla, Starlink və X platforması kimi layihələrlə qlobal ticarətin davamından yana olduğunu görürük. Belə ki, eqosu yüksək olan bir adam kimi onunla Tramp arasında qarşıdurma gözlənilən idi. Tramp isə qlobalçı axınları zərərli hesab edir və buna görə də milli texnologiyanı gücləndirməyə çalışır. ABŞ-nin 360 trilyon dollar kimi ciddi borcu olduğu üçün bu vəziyyətdən çıxmaq istəyir və xarici siyasətdə ölkəni daha izolyasiya olunmuş vəziyyətə gətirmək niyyətindədir. Xarici gərginliklərin və qarşıdurmaların tezliklə sona çatmasına önəm verən Tramp, bu məsələdə fərqli baxış bucağına sahibdir və beləliklə, başqanla fikir ayrılığına düşüb".
Politoloqun sözlərinə görə, son dövrlərdə Trampın siyasəti açıq və tənqidi şəkildə qiymətləndirildiyi üçün bu məsələ daha da diqqət çəkib: "Keçmişdən gələn fikir ayrılığı son hadisələrlə daha da dərinləşdi. Trampın ölkədəki dövlət xərclərini artıracaq və dövlət qurumlarına əlavə vəsait ayıracaq qanunu gündəmə gətirməsi də bu ziddiyyəti gücləndirdi. ABŞ-də iqtisadi qənaəti hədəfləyən və “Doge” adı ilə tanınan yeni təşəbbüs, Trampın təqdim etdiyi digər qanunlarla ziddiyyət təşkil edir. Tramp son 140-150 gün ərzində dövlət strukturlarına müəyyən ziyan vurmuş, əhəmiyyətli şəxsləri vəzifədən uzaqlaşdırmış, qənaət tədbirləri adı ilə cəmiyyətdə narazılıqlar yaratmış və bəzi mühüm dövlət qurumlarını maliyyə baxımından çətin vəziyyətdə qoymuşdu. Bu tədbirlərin dövlətə zərər verdiyini və nəticədə ona qarşı daxilən düşmən münasibətlərin formalaşdığını başa düşən Tramp, bir növ geri addım atmaq məcburiyyətində qaldı. Eyni zamanda, İlon Mask Tesla şirkəti üzərindən gündəlik vergilərin artmasından ciddi maliyyə zərəri gördü. Burada ticarət baxımından da onların arasında bir problem yarandığını müşahidə edirik. Yəni həm siyasi, həm də iqtisadi baxımdan bir-biri ilə anlaşa bilməyən və maraqları toqquşan iki böyük aktyor var. Lakin ən son vəziyyətə baxdıqda, Tramp ilə Mask arasında münasibətlərin tamamilə pozulması ehtimalı zəif görünür".
Professor bunun səbəbini Trampın daha güclü bir dövlət başçısı olmasına baxmayaraq, son mübahisədə müəyyən qədər geri addım atmağa ehtiyac hiss etməsi olaraq görür:
"Xüsusilə Starlink və NATO çərçivəsində NASA ilə bağlı gördüyü işlər nəzərə alındıqda, Maskın kosmosda rabitə sahəsində gördüyü işləri onun əvəzinə görə biləcək başqa bir şəxs yoxdur. Belə bir şəraitdə Trampın Maskdan tamamilə imtina etməsi və onunla qarşıdurma yolunu seçməsi real görünmür. Bu səbəbdən də hesab edirəm ki, onların münasibətləri müəyyən qədər yoluna düşəcək. Əks halda, ABŞ çox ciddi bir böhranla üzləşə bilər".
Fatimə Məmmədova
17:32 09.06.2025
Oxunuş sayı: 4269