Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib





Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın “Həyat” Fondu, eləcə də “Səvaidul İhsən” (xeyirxah əllər) və “Bəsmətu Həyat” (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.
15:08 08.06.2025
Oxunuş sayı: 1451