Uşaqları sosial mediadan qorumalıyıq, uzaqlaşdırmamalıyıq – RƏY

Azərbaycanda uşaqların “Tik-Tok” sosial platformasına girişinin qadağan edilməsi ilə bağlı təklif ictimaiyyət arasında geniş rezonans doğurub. Təklifin əsas məqsədi azyaşlıları zərərli məzmunlardan qorumaqdır. Lakin ekspertlər bu cür sərt qadağaların effektivliyi və mümkün fəsadları barədə fərqli yanaşmalar irəli sürürlər.
Mövzu ilə bağlı BDU Jurnalistika fakültəsinin müəllimi Qoşqar Bəylərov Crossmedia.az-a açıqlamasında bildirib ki, hər hansı platformanın tam şəkildə qadağan olunması problemi kökündən həll etmir.
“Əksinə, belə qadağalar uşaqların həmin platformaya alternativ yollarla – VPN və digər texnoloji üsullarla – daxil olmasına səbəb ola bilər. Bu isə onları daha təhlükəli və nəzarətsiz məzmunlara çıxış imkanları ilə üz-üzə qoyur,” – deyə o vurğulayıb.
Qoşqar Bəylərov qeyd edib ki, “Tik-Tok” yalnız əyləncə məqsədli deyil, həm də uşaqların yaradıcı potensialını inkişaf etdirən, faydalı və təhsil yönümlü məzmunlar təqdim edən platformadır. Onun fikrincə, uşaqları bu imkanlardan tamamilə məhrum etmək düzgün deyil. Problemin həllində əsas yanaşma texniki qadağalardan çox maarifləndirmə və düzgün istiqamətləndirmə olmalıdır.
“Uşaqlara sosial medianın düzgün istifadəsi öyrədilməli, rəqəmsal savadlılıq dərsləri məktəb proqramlarına daxil edilməlidir. Valideynlər də bu prosesdə aktiv iştirak etməli, övladlarının onlayn fəaliyyətini nəzarətsiz buraxmamalıdır,” – deyə o əlavə edib.
Sonda “Uşaqları sərt qadağalarla deyil, maarifləndirici tədbirlər və valideyn nəzarəti ilə qorumaq daha səmərəli nəticələr verə bilər”-deyə, o vurğulayıb.
Zəhra Ağayeva
17:05 04.06.2025
Oxunuş sayı: 1243