Niyə bəzən keçmişi unuda bilmirik? - Psixoloqdan elmi izah

Bəzən illər keçsə də, müəyyən xatirələr yaddaşımızdan silinmir. İstər xoş, istərsə də ağrılı olsun, bəzi hadisələr elə dərin iz buraxır ki, zaman onları kölgədə qoya bilmir. İnsan tanımadığı bir küçədən keçərkən belə birdən-birə unudulmuş bir anını xatırlaya bilər. Bu hal, yaddaşın emosional təcrübələrlə sıx bağlı olduğunu göstərir. Mütəxəssislər bildirir ki, beyində yaranan güclü duyğular hafizəni uzunmüddətli şəkildə formalaşdırır.
Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova Crossmedia.az-a geniş müsahibə verib.
– Aynur xanım, yaddaşla bağlı çox danışılır. İnsanların yaddaşı niyə bir-birindən fərqli olur? Bu fərqlilik nə ilə əlaqədardır?
– Hər bir insanın yaddaşı fərqli olur. Kimisi bu gün baş verənləri sabah unudursa, kimisi də aylar əvvəl baş verənləri bu gün də xatırlaya bilir. Bu isə insanların hafizəsinin müxtəlifliyindən qaynaqlanır. Bəzi insanlar çox tez-tez unudurlar, bəziləri isə çox güclü yaddaşa sahib olurlar. Burada həm genetik amillər, həm də gündəlik həyat tərzi mühüm rol oynayır.
– Hafizənin mahiyyəti nədən ibarətdir? Onu necə başa düşmək olar?
– Hafizə insanın keçmişdə yaşadığı hadisələri, gördüyü, eşitdiyi məlumatları beynində saxlayaraq onları lazım gəldikdə yenidən xatırlaya bilmə qabiliyyətidir. Yəni hafizə bir növ beyindəki məlumat anbarıdır. Məsələn, bir insan illər əvvəl oxuduğu bir kitabı və ya baxdığı bir filmi çox rahatlıqla xatırlaya bilərsə, bu, onun yaddaşının güclü olduğuna işarədir. Amma bəzi insanlar adları, tarixləri və ya gündəlik hadisələri belə tez unuda bilirlər. Bu isə yaddaş zəifliyindən xəbər verir.
– Beyin məlumatları necə emal edir? Yaddaş necə formalaşır?
– İnsan beyni məlumatları emal edərkən bir neçə mərhələdən keçir. Əvvəlcə daxil olan məlumatlar qısa müddətli yaddaşda saxlanılır. Bu mərhələdə məlumat çox az müddət – saniyələr və ya dəqiqələr ərzində yadda qalır. Əgər bu məlumat insan üçün vacib hesab edilərsə və təkrar olunarsa, o zaman bu məlumat uzun müddətli yaddaşa ötürülür. Beləliklə, həmin məlumat illərlə yadda qala bilər. Məsələn, insan doğum tarixini, sevdiyi bir şeiri və ya uşaqlıq xatirələrini uzun müddətli yaddaş sayəsində xatırlayır.
– Yaddaşın növləri barədə nə deyə bilərsiniz?
– Yaddaş bir neçə yerə bölünür: sensor yaddaş, qısamüddətli yaddaş və uzunmüddətli yaddaş. Sensor yaddaş ətrafımızda baş verənləri saniyələr içində qəbul edən və çox qısa müddət saxlayan yaddaşdır. Məsələn, gözümüzün qarşısından keçən bir görüntü və ya eşitdiyimiz bir səs saniyələr ərzində beynimizdə qalır və sonra silinir. Qısamüddətli yaddaş müəyyən bir məlumatı bir neçə dəqiqə və ya saat yadda saxlaya bilir. Məsələn, bir telefon nömrəsini qısa müddətlik yadda saxlamaq kimi. Uzunmüddətli yaddaş isə insanın ömrü boyu saxladığı məlumatları ehtiva edir. Bu yaddaş növü daha dərin və qalıcıdır. Məsələn, məktəb illərində öyrəndiyimiz şeirlər və ya tarixi faktlar uzun müddətli yaddaşda saxlanılır.
– Hafizəni gücləndirmək mümkündürmü? Əgər mümkündürsə, hansı yollarla?
– Hafizəni gücləndirmək üçün müəyyən yollar mövcuddur. Mütəxəssislər deyirlərlər ki, düzgün qidalanma, yuxu rejiminə əməl etmək, fiziki aktivlik, zehni məşqlər, mütəmadi oxumaq və öyrənmək yaddaşın inkişafında mühüm rol oynayır. Omega-3 tərkibli qidalar, təzə meyvə və tərəvəzlər, eləcə də kifayət qədər su qəbul etmək beynin sağlam fəaliyyəti üçün vacibdir.Bundan əlavə, gündəlik həyatda zehni məşğuliyyətlər, məsələn, krossvord həll etmək, yeni dil öyrənmək, kitab oxumaq və ya yeni bacarıqlar əldə etmək hafizəni gücləndirə bilər. Fiziki aktivlik, yəni gündəlik gəzinti, idmanla məşğul olmaq da beyinə oksigen axınını artırır və yaddaşı yaxşılaşdırır.
– Bəs yaddaş zəifləməsi, yəni unutqanlıq nə ilə bağlıdır? Bu təhlükəlidirmi?
– Unutqanlıq bir çox səbəblərdən baş verə bilər. Stress, yuxusuzluq, depressiya, qocalıq, bəzi xəstəliklər və ya dərmanlar yaddaş zəifliyinə səbəb ola bilər. Bu amillər beynin fəaliyyətinə mənfi təsir göstərərək məlumatların yadda saxlanılmasını və xatırlanmasını çətinləşdirir. Lakin yaddaş zəiflədikdə bunu inkişaf etdirmək də mümkündür. Beyin də bir əzələ kimidir. Necə ki, idman etdikcə əzələlər möhkəmlənir, eyni zamanda zehni məşqlər etdikcə beyin də daha fəal olur və yaddaş güclənir. Bunun üçün daim aktiv olmaq, yeni məlumatlar öyrənmək və özünü inkişaf etdirmək lazımdır.
– Sonda bu mövzu ilə bağlı ümumi fikrinizi necə ifadə edərdiniz?
– Sonda isə onu demək olar ki, yaddaş insan həyatında olduqca vacib rol oynayır. Bizim kim olduğumuzu, nələr yaşadığımızı, nələri bildiyimizi müəyyən edən ən önəmli amillərdən biri hafizədir. Məlumatların beynimizdə necə və harada saxlanıldığını anlamaq, yaddaşın qorunması və inkişafı üçün olduqca əhəmiyyətlidir. Həyatda daha məhsuldar və uğurlu olmaq üçün güclü yaddaş vacib şərtlərdən biridir.
Fatimə Nəbiyeva
13:58 04.06.2025
Oxunuş sayı: 6699