Politoloq: “Azərbaycan Pakistanla Əfqanıstan arasında vasitəçi ola bilər”

Mayın 29-da Pakistan və Əfqanıstan arasında hərbi toqquşma başlayıb. Əfqanıstanın Gilmend əyalətində Pakistan hərbçiləri ilə "Taliban" döyüşçüləri arasında silahlı toqquşma baş verib. Münaqişə Pakistanda keçid məntəqəsinin tikintisi fonunda yaranıb. Bu gün isə Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstanda səfirlik açmaq niyyətində olduqlarını bildiriblər.
Bu ziddiyətli münasibətlər barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli Pakistan və Əfqanıstanın qardaş xalqlar olduğunu və bu iki ölkəni bir çox ortaq amillərin birləşdirdiyini bildirib: "Hər iki ölkədə yaşayan puştun xalqı var. Puştunlar Əfqanıstan əhalisinin əksəriyyətini, Pakistanda isə əhəmiyyətli bir hissəni təşkil edirlər. Sovet-Əfqan müharibəsi zamanı Pakistan Əfqanıstana ciddi dəstək vermişdi. "Təliman" adlandırılan hərəkatın iştirakçıları – mədrəsə tələbələri – Pakistanda dini və hərbi təhsil alaraq, sonradan Əfqanıstan ərazisinə keçib Sovet işğalçılarına qarşı mübarizə aparmışdılar. Yəni bu iki xalq və dövlət arasında bir çox dini və milli bağlılıqlar mövcuddur. Sadəcə olaraq Pakistanla Əfqanıstan arasında münasibətlərin pozulması müəyyən mərhələdə baş verdi. ABŞ-nin Əfqanıstana hərbi müdaxiləsi zamanı Pakistanın o dövrkü prezidenti Pərviz Müşərrəf ölkəsinin ərazisindən istifadə olunmasına və digər formalarda ABŞ-a dəstək verdi. Əfqanıstana dəstək vermədi, ən azından bu məsələdə neytral mövqe tutdu. Həmin vaxt bütün dünya ABŞ-ın o dövrkü prezidenti Corc Buşun rəhbərliyi ilə aparılan "səlib yürüşünə" dəstək verdiyindən Pakistanın geri çəkilməsi və ehtiyatlı davranması müəyyən qədər anlaşılan idi. Elə o dövrdən etibarən iki ölkə arasında münasibətlərdə soyuqluq yaranmağa başladı".
"Sonrakı mərhələdə ABŞ-ın Əfqanıstanı işğalına qarşı “Taliban”ın apardığı silahlı mübarizə Pakistan ərazisində Pakistan ordusu ilə qarşıdurmalara səbəb oldu. Pakistan ordusu bu zaman ABŞ ordusu ilə koordinasiyalı şəkildə hərəkət edir, o dövrkü Əfqanıstan hakimiyyəti – yəni prezident Həmid Karzayinin iqtidarı ilə birlikdə “Taliban” hərəkatına qarşı hərbi əməliyyatlarda iştirak edirdi. Pakistan ərazisində “Taliban” mövqelərinə qarşı zərbələr endirilirdi. Əslində bu mövqedə də Pakistana qınaq yönəltmək çətindir. Pakistan öz ərazisində başqa hərbi qruplaşmaların mövcudluğunu istəmirdi. Üstəlik, ölkə daxilində mövcud olan digər silahlı və cihadçı qruplaşmalara qarşı da rəsmi ordu tərəfindən əməliyyatlar aparılırdı. Həmin qruplaşmalar Talibanla birgə Pakistan dövlətinə qarşı silahlı qarşıdurmalarda iştirak edirdi",- deyə politoloq qeyd edib.
O, bütün bu hadisələrin təsiri nəticəsində ABŞ-ın Əfqanıstandan çıxmasından sonra “Taliban”ın hakimiyyətə gəlməsi ilə Pakistan-Əfqanıstan münasibətlərinin dövlətlərarası səviyyədə gərgin olaraq qaldığını bildirib: "Halbuki artıq Pakistanda Pərviz Müşərrəf yox idi, hakimiyyət dəyişmişdi. Buna baxmayaraq, əvvəlki dövrlərdə yaranmış etimadsızlıq və qarşılıqlı narazılıq münasibətlərə təsir göstərməkdə davam etdi. Lakin ümid edirəm ki, dini və məzhəb baxımından ortaq, tarixi və milli kökləri bir olan bu iki qardaş xalq arasında münasibətlər yenidən yaxşılaşacaq və əvvəlki dostluq mühiti bərpa olunacaq. Çünki Pakistanla Əfqanıstan arasında sağlam münasibətlərin qurulması həm Azərbaycan, həm də Türkiyə üçün vacibdir. Bu iki ölkə hər iki türk dövlətinə yaxın və dost ölkələrdir. Məsələn, bəzən bəyənilməyən Həmid Karzayinin rəhbərlik etdiyi, ABŞ yönümlü hesab edilən Əfqanıstan hakimiyyəti belə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyini ifadə etmişdi. Bəzi müsəlman ölkələri susqun qaldığı halda, Əfqanıstan konkret mövqe bildirmişdi. Bu baxımdan, hər nə qədər Əfqanıstanda hakimiyyət dəyişikliyi baş vermiş olsa da, hazırda “Talliban” iqtidarının Azərbaycanla münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Diplomatik görüşlər baş tutub və əlaqələr tədricən qurulmaqdadır".
Sonda Ə. Məmmədli məhz bu səbəbdən Pakistan-Əfqanıstan arasındakı qarşıdurmanın ən azından genişmiqyaslı münaqişəyə çevrilmədən, aradan qaldırıla biləcək vəziyyətdə olduğunu vurğulayıb: "Burada Türkiyə və Azərbaycan vasitəçi kimi çıxış edərək iki qardaş xalq arasında barışa töhfə verə bilər. Çünki həm Pakistan, həm də Əfqanıstan bizim üçün önəmli, dost ölkələrdir və dostlarımızın bir-biri ilə münaqişə vəziyyətində olması, təbii ki, bizim maraqlarımıza uyğun deyil".
Pərvin Hacıyeva
20:44 30.05.2025
Oxunuş sayı: 1516