Qazaxıstanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Astanada Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib. Tədbirdə Qazaxıstanın yüksək vəzifəli nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan dövlətçiliyinin təməli qoyulub və müasir Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Diplomat Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa işləri, COP29-un Bakıda keçirilməsi və bölgədəki sülh təşəbbüsləri barədə məlumat verib.
Səfir, həmçinin Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqların davam etdiyini bildirib.
Tədbirdə, həmçinin Qazaxıstanla möhkəm müttəfiqlik əlaqələri və iki ölkənin liderlərinin strateji tərəfdaşlığın inkişafına verdiyi şəxsi töhfələr xüsusi qeyd olunub.
“Dövlət başçılarının qarşılıqlı səfərlərinin xronologiyasında münasibətlərimizin dinamikası aydın şəkildə görünür. 2024-cü ildə Azərbaycan Prezidenti iki dəfə Qazaxıstana işgüzar səfər edib. Qazaxıstan Prezidenti isə ötən il ölkəmizə üç dəfə səfər edib”, – deyə diplomat vurğulayıb.
Daha sonra Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə hökumət adından təbrik edib.
Nazir çıxışında bu bayramın Azərbaycan xalqının azadlıq, suverenlik və tərəqqiyə olan sadiqliyinin simvolu olduğunu bildirib. “Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür”, – deyə o qeyd edib.
Nazir bildirib ki, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən beş dəfə artaraq 500 milyon dollardan çox olub. “Son on ildə Qazaxıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə 78 milyon dollar təşkil edib. Xüsusi diqqət Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına yönəlib: 2024-cü ildə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb”, – deyə Karabayev vurğulayıb.
“Hazırda AZAL və “Fly Arystan” aviaşirkətləri tərəfindən iki ölkə arasında həftədə 19 müntəzəm aviareys həyata keçirilir. Əminəm ki, iyul ayında Bakıda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək”, – deyə nazir əlavə edib.
Tədbir Qazaxıstan və Azərbaycan incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb. (Azərtac)
08:55 29.05.2025
Oxunuş sayı: 949