Ən güclü raket Starship 9-cu dəfə sınaqdan keçirildi: 30 dəqiqə sonra nəzarətdən çıxdı

ABŞ mərkəzli kosmik nəqliyyat şirkəti SpaceX-in istehsalı olan və dünyanın ən güclü raketi kimi tanınan Starship, 9-cu uçuş testini həyata keçirdi. Raket uğurla buraxılsa da, daşıdığı səkkiz Starlink peykini orbitə yerləşdirə bilmədi.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, fırlatmadan 30 dəqiqə sonra isə raketlə əlaqənin kəsildiyi bildirildi.
Yerli saat ilə 03:36-da ABŞ-nin Texas ştatındakı Starbase buraxılış sahəsindən havaya qalxan Starship, əvvəlcə uğurla yüksəldi. Yenidən istifadə oluna bilən Super Heavy adlı gücləndirici mərhələsi isə sərt şəkildə okeana endi.
Raketin ikinci mərhələsində yerləşən yük bölməsinin qapağı açılmadığı üçün, səkkiz ədəd Starlink peykini orbitə buraxmaq mümkün olmadı. Daha sonra Starship-in yanacaq tankı sistemlərində sızma baş verib və bu da raketin yüksəklik problemi yaşamasına səbəb olub.
SpaceX-in açıqlamasında, “Starship sürətli və planlaşdırılmamış şəkildə parçalandı” ifadəsi yer aldı. Həmçinin bildirildi ki, növbəti uçuş testləri üçün hazırlıqlar davam etdiriləcək. Şirkət, bu kimi testlərdə əsas məqsədin öyrənmək və gələcək üçün inkişaf olduğunu vurğulayıb: “Bugünkü test, Starship-in etibarlılığını artırmağımıza yardım edəcək”.
Starship-in 7-ci və 8-ci uçuş testləri də uğurla başlamış, lakin hər iki halda raket fırlatmadan təxminən 10 dəqiqə sonra havada parçalanmışdı.
122 metr uzunluğundakı Starship raketi, həm yük, həm də insan daşımaq məqsədilə Yer orbitinə Ay və Marsa səyahətlər üçün hazırlanır.
Mədinə Cəlilova
05:00 29.05.2025
Oxunuş sayı: 969