Aİ Suriya ilə bağlı sanksiyaları rəsmi olaraq ləğv etdi

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların rəsmi olaraq ləğv edildiyini açıqlayıb. Aİ Şurasından verilən yazılı açıqlamada 20 may tarixində Aİ xarici işlər nazirləri Şurasında qəbul edilən siyasi qərarın təsdiqləndiyi və qısa müddət ərzində Rəsmi jurnalda dərc olunacağı bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, fondların və iqtisadi mənbələrin dondurulması tətbiq olunan siyahıdan 24 qurum çıxarılıb. Siyahıdan çıxarılanlar arasında Suriya Mərkəzi Bankı da daxil olmaqla banklar, ölkənin iqtisadi dirçəlişi üçün mühüm sahələrdə fəaliyyət göstərən şirkətlər (neft hasilatı və emalı, pambıq və telekommunikasiya) və media qurumları yer alır.
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas qərarla bağlı açıqlamasında, “Bu qərar Aİ-nin Suriyanın dirçəlişini və bütün suriyalıların arzularını əks etdirən siyasi keçid prosesini dəstəkləməsi üçün bu tarixi anda atılmalı olan doğru addımdır. Aİ son 14 ildir Suriya xalqının yanında olub və bu dəstək davam edəcək”, – deyə qeyd edib.
Digər tərəfdən, açıqlamada Bəşər Əsəd rejimi ilə bağlı olan şəxslər və qurumlara qarşı tətbiq edilən sanksiyaların müddətinin 1 iyun 2026-cı ilədək uzadıldığı bildirilib. Mart ayında Latakiyada baş verən hadisələrlə əlaqədar, “Aİ Qlobal İnsan Haqları Sanksiyaları Rejimi” çərçivəsində iki şəxs və üç quruma qarşı ciddi insan haqları pozuntuları səbəbilə yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi vurğulanıb.
Aİ Şurası açıqlamasında, bölgədəki vəziyyəti yaxından izlədiklərini və insan haqları pozuntuları və ya ölkədə qeyri-sabitliyi körükləyən aktorlar olduğu halda yeni sanksiyaların tətbiqinə hazır olduqlarını qeyd edib.
Suriyaya qarşı sanksiyalar 2011-ci ilin may ayında, ölkədə vətəndaş müharibəsinin başlanmasından sonra tətbiq olunmağa başlamışdı. Bu çərçivədə rejimlə əlaqəli şəxslərə səyahət qadağaları və aktivlərin dondurulması kimi fərdi sanksiyalar tətbiq olunmuşdu. Eyni zamanda, neft və neft məhsullarının idxalı, mülki və hərbi məqsədlərlə istifadə oluna bilən malların və bəzi rabitə avadanlıqlarının ixracı məhdudlaşdırılmış, müəyyən infrastruktur layihələrinin maliyyələşdirilməsi dayandırılmışdı.
2024-cü ilin fevralında Aİ, bankçılıq, enerji və nəqliyyat sektorlarını əhatə edən sanksiyaları “dayandırmaq” barədə qərar vermiş və bununla bağlı ilk addımı atmışdı. Aİ rəsmiləri qeyd edirlər ki, sanksiyaların ləğvi ilə bağlı qərarlar geri qaytarıla biləndir və Suriyadakı vəziyyət diqqətlə izlənməkdədir.
Mədinə Cəlilova
01:00 29.05.2025
Oxunuş sayı: 976