Rusiya İstanbulda sülh danışıqlarının ikinci turunu təklif edib

Rusiya Ukrayna ilə sülh danışıqlarının növbəti turunun 2 iyun tarixində İstanbulda keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi açıqlama yayıb.
Lavrovun sözlərinə görə, Türkiyə ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar bərpa olunub. O, danışıqların ilk turunun 16 may tarixində İstanbulda keçirildiyini və nəticədə 1000 ukraynalı əsirin 1000 rus əsiri ilə dəyişdirildiyini xatırladıb.
Nazir bildirib ki, Rusiya tərəfi sülh danışıqları çərçivəsində davamlı bir həllə nail olunması üçün xüsusi memorandum hazırlayıb. “Vladimir Medinskiyin rəhbərlik etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna tərəfinə təqdim etməyə və 2 iyun bazar ertəsi günü İstanbulda keçirilməsi planlaşdırılan ikinci tur birbaşa danışıqlarda ətraflı izahat verməyə hazırdır”, – deyə Lavrov qeyd edib.
Hazırda danışıqların dəqiq formatı və Ukraynanın təklifə cavabı ilə bağlı əlavə məlumat verilməyib.
Mədinə Cəlilova
22:45 28.05.2025
Oxunuş sayı: 956