Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı, Rəsul Rzanın oğlu Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.
Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov Rəsul Rzanın ədəbiyyat, mənəviyyat və ictimai fikir tariximizdəki mühüm xidmətlərindən bəhs edib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, qocaman şair Yusif Həsənbəy Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb.
"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs Rəsul Rza irsinin Azərbaycan poeziyasının inkişafındakı təsir gücü haqqında danışıb.
Sonda şairin oğlu, Xalq yazıçısı Anar atasının xatirəsini anan, məzarını ziyarətə gələn bütün iştirakçılara minnətdarlığını bildirib.
11:25 20.05.2025
Oxunuş sayı: 663