Tanınmış dilçi alim, professor Mahirə Hüseynova AMEA Naxçıvan Bölməsinin qonağı olub


AMEA-nın Naxçıvan Bölməsində görkəmli dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə qonağı iştirakçılara təqdim edib. Akademik, professor Mahirə Hüseynovanın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun elmi və pedaqoji fəaliyyətinin əsas istiqamətlərini diqqətə çatdırıb, xüsusilə müasir Azərbaycan dilçiliyinə verdiyi töhfələri vurğulayıb. O, həmçinin qeyd edib ki, Mahirə xanım elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də fəallığı ilə seçilir müəllifi olduğu bir sıra şeirlərə musiqi bəstələnib və bu əsərlər böyük sevgi ilə ifa olunur.
İsmayıl Hacıyev çıxışında professor Mahirə Hüseynovanın elmi araşdırmalarında Ulu Öndər Heydər Əliyev irsinin və Qərbi Azərbaycan mövzusunun xüsusi yer tutduğunu qeyd edib. Çıxışının sonunda bölmə sədri qonağa bölmə alimlərinin yeni nəşr olunmuş elmi əsərlərini hədiyyə edib, ona elmi və bədii yaradıcılığında yeni uğurlar arzulayıb.
Professor Mahirə Hüseynova tədbirdə çıxış edərək doğma torpaqda olmaqdan böyük qürur və məmnunluq duyduğunu bildirib, elmi fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib.
Görüş çərçivəsində professor Mahirə Hüseynova “Ümummilli lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda məruzə edib. Alim məruzəsində Ulu Öndərin fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması, tarixi torpaqlarımızın bərpası, elmin, təhsilin inkişafı və cənub mövzusunun əhəmiyyətindən, gənclərin xarici ölkələrdə ali təhsil almasına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Alimin Qərbi Azərbaycan mövzusunun tariximizdə və dövlətçilik tariximiz üçün önəmindən, soydaşlarımızın öz doğma ata-baba yurdundan deportasiya edilməsindən, toponimlərimizin məqsədli dəyişdirilməsindən danışıb, tarixi həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işləri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb.
Məruzə Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə qayğısı, türkologiya sahəsində gördüyü işləri də əhatə edib. Alimin fikirləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Məruzənin sonunda Mahirə Hüseynova mövzu ilə bağlı qələmə aldığı şeirlərdən nümunələr səsləndirib, elmi tədqiqatlarının gələcək istiqamətləri ilə bağlı iştirakçıların suallarını cavablandırıb.
Daha sonra qonaq, müəllifi olduğu bir neçə kitabı akademik İsmayıl Hacıyevə hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkilib.
12:25 14.05.2025
Oxunuş sayı: 736