ABŞ-da yeni təhlükəsizlik müşaviri: Marko Rubio bu vəzifəyə təyin olundu

ABŞ-da yüksək səviyyəli kadr dəyişikliyi baş verib. Dövlət katibi vəzifəsini icra edən Marko Rubio bundan sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri olacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu təyinat sabiq müşavir Mayk Uoltsun vəzifədən uzaqlaşdırılmasından sonra baş verib. Bildirilir ki, Uolts ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə göndərilib. Onun vəzifəsinin dəyişdirilməsi səbəbi kimi mediada husilərə qarşı hava zərbələrinə dair məxfi məlumatların sızması göstərilir. Bu qalmaqal fonunda Tramp administrasiyası milli təhlükəsizlik komandasını yenidən formalaşdırmaq qərarına gəlib.
Marko Rubionun bu vəzifəyə gətirilməsi ABŞ xarici və təhlükəsizlik siyasətində mühüm dəyişikliklərin baş verə biləcəyindən xəbər verir. Respublikaçı senator kimi tanınan Rubio daha əvvəl də milli təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə seçilib. Yeni təyinat ABŞ-ın Yaxın Şərq və digər qaynar nöqtələrdəki siyasətinə də təsir edə bilər.
Rubionun təhlükəsizlik müşaviri vəzifəsinə gətirilməsi onun Trampa yaxın siyasi fiqur kimi mövqeyini daha da möhkəmləndirir. Analitiklər hesab edir ki, bu dəyişiklik Trampın seçki öncəsi komandasında sadiq və təcrübəli şəxslərlə əhatələnmək strategiyasının bir hissəsidir. Eyni zamanda, Rubionun regional münaqişələrə, xüsusilə də Yaxın Şərqdə baş verən proseslərə daha sərt və proaktiv yanaşma gətirəcəyi gözlənilir.
Fatimə Nəbiyeva
09:25 02.05.2025
Oxunuş sayı: 968