EBRD “Unibank" ASC-yə 10 milyon ABŞ dolları kredit ayırıb.



Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Unibank" ASC-yə 10 milyon ABŞ dolları kredit ayırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Unibankdan məlumat verirlib. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.
Bu əməkdaşlıq EBRD və "Unibank" arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.
Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, EBRD bununla yanaşı, “Unibank”ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.
“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: “EBRD və "Unibank" arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. "Unibank" olaraq KOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək”.
EBRD-nin Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib: “Unibank" kimi sistem əhəmiyyətli maliyyə tərəfdaşımızla əməkdaşlığa yenidən başlamaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk".
"Unibank" haqqında
"Unibank" Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində tanınan "Unibank" beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.
EBRD haqqında
EBRD Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.
17:56 01.05.2025
Oxunuş sayı: 766