"Azərbaycan İran əlaqələrinin inkişafı üçün heç bir maneə yoxdur" -DEPUTAT

"İran Prezidentinin Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməsi Tehranın Bakı ilə münasibətləri uzunmüddətli perspektivdə normallaşdırmaqda maraqlı olduğunu təsdiqləyir. Nəzərə alsaq ki, Azərbaycan səfirliyinə terror hücumu başda olmaqla bu illər ərzində iki ölkə arasında müxtəlif dövrlərdə gərginliklər yaşanıb".
Bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlamasında deyib: " İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olmasının təzahürü kimi qiymətləndirilə bilər. Prezidentlər səviyyəsində imzalanan sənəd, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərdi. Azərbaycan Prezidentinin də söylədiyi kimi, “məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”. Dövlət başçıları həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi Şimal-Cənub nəqliyyat dəhlizini geniş müzakirə etdilər. Bu səfərdən sonra, Bakıda aparılan müzakirələrdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Dövlət başçımız da bəyan etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib".
O söyləyib ki, Bakıda keçirilən biznes forum isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafına zəmin yaradır: "Dövlət başçılarının bəyanatından aydın oldu ki, hazırki göstəricilər qənaətbəxş deyil, burada artan dinamikaya ehtiyac var. İrandan gələn 120 nəfərdən ibarət iş adamının Bakıda apardığı məsləhətləşmələrin yaxın gələcəkdə real nəticələr verəcəyinə ümidlər çoxdur. Dövlət başçımız hətta İranlı iş adamlarını Ermənistan işğalından azad olunmuş ərazilərimizə fəallıq göstərməyə dəvət etdi. İran Prezidenti eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etdi. Bu səfərdə diqqətçəkən məqamlardan biri də Məsud Pezeşkianın Azərbaycan dilində şeir səsləndirməsi oldu. Bu gün 10-dan çox ölkə ilə sərhədi olan İranın ən etibarlı quru sərhədi Azərbaycanladır. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin Xudafərinə səfər etməsi və bu körpünü “Dostluq körpüsü” adlandırması Azərbaycanın qonşu İrana əsl dost münasibətinin real göstəricisi idi. Rəsmi Bakının münasibəti hər zaman xoşməramlı olub olub. Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik".
Fatimə Məmmədova
16:58 01.05.2025
Oxunuş sayı: 990