Elvin Şahverdiyev: Azərbaycanda informasiya və kibertəhlükəsizlik üzrə Strategiyanın icrası uğurla davam etdirilir

Azərbaycanda 2023–2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə Strategiyanın icrası uğurla davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib.
“Bu Strategiyanın icrası çərçivəsində müxtəlif dövlət qurumları, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir”, - xidmət rəisi deyib.
Onun sözlərinə görə, müasir dövrdə kibertəhlükəsizlik məsələsi təkcə texnoloji müstəvidə deyil, həm də iqtisadi və sosial rifahın qorunması baxımından strateji əhəmiyyət kəsb edir: "Gənclərin bu sahədə fəallığının artırılması və onların texnoloji liderlər kimi yetişməsi dövlət üçün önəmli hədəflərdən biridir. Gənclərin hər biri gələcəyin texnoloji liderləri, innovasiya daşıyıcılarıdır. Rəqəmsallaşmanın dayanmadan inkişaf etdiyi bir dövrdə gənclərin rolu daim genişlənir. Gənclərin bu sahədə yetişməsi strateji hədəfimiz olmalıdır".
Xidmət rəsmisi çıxışında əmək bazarında və ictimai sektorda kibertəhlükələrin təsirindən də bəhs edib:
“Dünyada baş verən kibertəhlükə hadisələri və müvafiq statistika göstərir ki, bu sahəyə maraq artmaqdadır və gələcəkdə potensial təhlükələrə qarşı hazırlıqlı olmaq üçün bu istiqamətdə maarifləndirmə vacibdir. Statistik göstəricilərə əsasən, son dövrlərdə fidyə proqram təminatı (ransomware) ən geniş yayılmış kibertəhlükə vektorlarından biri olub. 2022–2024-cü illər ərzində bu hücumlar təkcə texnoloji deyil, həm də qlobal iqtisadiyyata ciddi zərbələr vurub. Müvafiq hesablamalara görə, yalnız 2023–2024-cü illərdə kibercinayətlərin dünya iqtisadiyyatına vurduğu zərərin həcmi 30 milyard dollardan artıq qiymətləndirilir”.
E.Şahverdiyev əlavə edib ki, süni intellektin inkişafı ilə bağlı yaranan yeni təhlükələr də diqqət mərkəzində saxlanmalıdır: “Süni intellekt vasitəsilə yaradılmış saxta videolar (deepfake) fərdi və institusional zərərlərə yol açır, bu səbəbdən də təhlükəsizlik məsələləri texniki yanaşmadan daha çox strateji müstəviyə keçir. Bu, təkcə bir təhlükəsizlik məsələsi deyil, həm də sosial sabitlik və iqtisadi davamlılıq məsələsidir. Gənclərin bu sahədə yetişməsi və bu istiqamətdə biliklərlə silahlanması dövlət üçün strateji üstünlük yaradır”.
19:48 23.04.2025
Oxunuş sayı: 891